Erməni mənbələrinin bu gün yaydığı videogörüntülərdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayevin Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində salamlaması ictimai rezonans yaradıb geniş müzakirələrə səbəb olub.
Hadisənin Berlində Almaniyanın nüfuzlu analitik mərkəzlərindən biri olan DGAP (German Council on Foreign Relations) tərəfindən təşkil edilən tədbirdə baş verdiyi daha sonra rəsmi şəkildə təsdiqlənib.
Yayılan videogörüntülərdən anlaşılmasa da, erməni mənbələri Azərbaycan səfirinin öz çıxışına erməni dilindən tərcümədə “Almaniyaya xoş gəlmisiniz, cənab Baş nazir” kimi tərcümə olunan cümlə ilə başladığını bildirib.
Cümlənin Azərbaycanca transkripsiyası google.translate.com onlayn tərcümə xidmətində “Bari galust Germania, paron varch’apet” formasında təqdim olunur.
Videogörüntülərin yayılmasından sonra məsələ Azərbaycan ictimaiyyətində və mediada geniş müzakirələrə səbəb olub. “Yeni Sabah”ın hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı suallara qurumun rəsmi sözçüsü Ayxan Hacızadə “bu barədə şərhimiz yoxdur” cavabını verib. Rəsmi qurumun ilkin mərhələdə mövzuya münasibət bildirməməsi bu təşəbbüsün səbəb və nəticələri ilə bağlı sualları daha da artırıb.
XİN-in hadisəni “şərhsiz” mövqeyi ilə buraxması mövzunun əlavə siyasiləşdirilməsinin qarşısını almaq cəhdi ilə yanaşı, durumun diplomatik həssaslığı ilə də izah edilə bilər.
Ermənicə salamlama: Sülhün rəmzi
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev məlum videogörüntüdən az sonra yaydığı geniş açıqlamada Ermənistan Baş naziri Paşinyanı ermənicə salamlaması jestinin rəsmi Bakının ümumi sülh xəttinə zidd olmadığını bəyan edib.
Nəsimi Ağayev rəsmi sosial media hesabından bildirib ki, tədbirdə çıxış edərək regionda sülh və transformasiya prosesindən, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışıb.
Səfir həmçinin yazıb ki, məlum çıxışı zamanı Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl edilməsinin, xüsusilə TRİPP marşrutunun açılmasının, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini vurğulayıb və sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini də diqqətə çatdırdığını bildirib.
Salamlaşmanın motivinə toxunan səfir onu “sülh rəmzi” kimi təqdim edib:
“Sülhün rəmzi və təzahürü olaraq, Ermənistan baş nazirini ermənicə salamladım. Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlimələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlimələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir. Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan, yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək”, səfir Nəsimi Ağayev paylaşımında bildirib.
Səfirin diplomatik portreti
Azərbaycanın Almaniyadakı Səfirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara əsasən, səfir Nəsimi Ağayev 1979-cu ildə Azərbaycanda anadan olub. Beynəlxalq münasibətlər və hüquq ixtisası üzrə ali təhsil alıb.
Kanada, Toronto Universiteti, Avropa, Rusiya və Avrasiya Elmləri üzrə Araşdırmalar Mərkəzində elmi tədqiqat fəaliyyəti;
Almaniya, Saarland Universitetinin Avropa İnstitutu – “Avropa hüququ üzrə magistr”;
Avstriya, Vyana Diplomatik Akademiyası – Avropa Elmləri üzrə xüsusi kurs;
Bakı Dövlət Universiteti – bakalavr və magistr təhsili;
Səfir Nəsimi Ağayevin təhsil stajının əsas hissəsini təşkil edir.
2022-ci ildən Azərbaycanın Almaniyadakı səfiri olan Nəsimi Ağayev Azərbaycan diplomatik sistemində 26 illik staja sahibdir.
Səfirin xarici dil bilikləri siyahısında ingilis, alman, rus, fransız, ispan və türk dilləri göstərilsə də, erməni dili üzrə biliklərinin olduğu barədə hər hansı məlumat göstərilmir. Bu baxımdan, onun Nikol Paşinyanı erməni dilində salamlanmasının xüsusi hazırlıq, şəxsi təşəbbüs və ya situativ diplomatik jest olduğunu ehtimal etmək olar.
Tofiq Zülfüqarov: “Buna həlledici məna vermək düzgün olmaz”
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hadisəyə daha praqmatik və ehtiyatlı yanaşma sərgiləyib:
“Cənab səfir orda vəziyyətə uyğun şəkildə Ermənistanın hökumət başçısını salamlayıb. Hansısa məqsədlərə görə bu formanı seçib ki, daha təsirli olsun. Biz burda oturaraq, ona hansısa məsləhətləri verməyimiz düzgün olmaz”, Azərbaycan xarici siyasət idarəsinin keçmiş rəhbəri deyib.
Bu addımın diplomatik üslub çərçivəsinə uyğun olduğunu deyən T.Zülfüqarov əlavə edib ki, səfir, “tədbirin mühitinə uyğun olaraq və Azərbaycanın ümumi siyasi xəttini əks etdirərək bu yolu seçib”.
“İstisna eləmirəm ki, o bu addımı razılaşdırıb, ya da xidməti şəkildə hansısa izahatı verəcək”, - Azərbaycan XİN-in keçmiş rəhbəri əlavə edib.
