Medianews.az
Prezident Fərman imzaladı
137 baxış

Prezident Fərman imzaladı

Azərbaycan Biznesinin İnkişafı Fondu Açıq Səhmdar Cəmiyyətinə çevrilib.

Medianews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Fond ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib, eləcə də onun Nizamnaməsi təsdiqlənib. "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC eyni adlı publik hüquqi şəxsin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən və investisiyaların təşviqini təmin edən dövlətə məxsus kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək, cari idarəetmə isə sədr və 4 müavinindən ibarət İdarə Heyəti tərəfindən təmin ediləcək.

Fərmanla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, İqtisadiyyat Nazirliyinə və Müşahidə Şurasına bölünüb. Dövlət qeydiyyatına alınana qədər Fond fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirəcək.

Fərmanda Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnaməsi təsdiq olunub, bəzi mövcud fərman və sərəncamlarda dəyişikliklər edilib, dövlət əmlakının qorunması və istifadəsi ilə bağlı normativ hüquqi tədbirlər gücləndirilib.

Fərman həmçinin, Fondun vəsaitindən istifadə qaydalarında yenilikləri, qeyri-neft/qaz sahələrində maliyyələşmə mexanizmlərinin tətbiqini və digər təşkilati məsələləri əhatə edir.

Bizə qoşulun