ABŞ-nin Nyu-York şəhərinin meri Zohran Kvame Mamdani aprelin 24-də “X” platformasında 1915-ci ilin qondarma erməni soyqırımı haqqında paylaşımında tarixi təhrif etməklə yanaşı Azərbaycanın 2020-2023-cü illərdə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə qarşı çıxıb, bunu “erməni soyqırımı” kampaniyasının davam etdirilməsi kimi qiymətləndirib. Onun artıq öz müqəddəratını təyin etmiş bir xalqın – erməni xalqının “öz müqəddəratını təyin etmək hüququ”nu təsdiqlədiyini vurğulaması da birbaşa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxmaq anlamına gəlir, çünki Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan dəm vurduğu bəllidir.
Nyu-York merinin belə bir mövqe sərgiləməsi hansı təhlükələr doğurur? Ümumiyyətlə Qarabağ erməniləri mövzusunun dünya güclərinin, müxtəlif beynəlxalq səviyyələrin gündəminə qayıtması mümkündürmü? Azərbaycan belə arzuolunmaz perspektivə qarşı hansı tədbirləri görməlidir?

Medianews.az-ın sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirib ki, Zohran Mamdanidən öncəki Nyu-York merləri haqda Azərbaycan və Türkiyə cəmiyyətlərində heç vaxt ətraflı məlumat olmayıb: “Zohran Mamdani isə mer seçkilərində qalib gələndə müsəlman olduğuna görə Azərbaycanda və Türkiyədə bəziləri bunu az qala islamın intibahı kimi təbliğ edirdilər.
Mamdaninin 1915-ci il hadisələrini “soyqırımı”, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini isə “soyqırımı kampaniyasının davamı” adlandırması Türkiyə və Azərbaycana iftiradır, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası prosesinə qara yaxmaq cəhdidir. ABŞ prezidenti Donald Tramp Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək hüququnu heç vaxt şübhə altına almadığı halda, Nyu-York merinin belə bir mövqe sərgiləməsi ciddi təhlükələr doğura bilməz. Ancaq bu, Azərbaycanın əleyhdarlarını haradasa həvəsləndirə də bilər. Bundan sonra erməni lobbisi Nyu-Yorkda mövqeyini gücləndirmək istiqamətində daha çox canfəşanlıq edə, müəyyən tədbirlər keçirə bilərlər. Mamdani bədnam əməlini davam etdirə bilər, ona görə biz buna qarşı hazırlıqlı olmalıyıq. Qənaətimcə, Azərbaycan yəhudi lobbisinin imkanlarından istifadə edərək Nyu-Yorkda bu cür fəaliyyətlərin qarşısını almalıdır.
Digər tərəfdən, Azərbaycan amerikalı konqresmen Çip Royun təklif etdiyi “Mamdani qanunu” (MAMDANI Act) təşəbbüsünü dəstəkləməklə öz maraqlarını qoruya bilər. Həmin qanun qəbul olunsa, Mamdanini vətəni Uqandaya, arvadını isə Suriyaya deportasiya etmək üçün hüquqi imkanlar yaranacaq. Mamdani açıq-aşkar Azərbaycana qarşı düşmənçilik siyasəti aparırsa, onun zərərsizləşdirilməsinə xidmət edən qanunun qəbulu Azərbaycanın maraqları çərçivəsindədir”.
Nailə Qasımova,
Medianews.az