Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Oyunu Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Millimiz bu oyuna itkilərlə çıxacaq. Yüksək hərarət səbəbindən komandanın heyətindən çıxarılan, İslandiya ilə matçı da buraxan Elvin Cəfərquliyevlə yanaşı, zədələnən Toral Bayramov da oyunda iştirak edə bilməyəcək. Fransa millisindən isə Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone meydana çıxmayacaqlar. Onlar Bakıya gəlməyiblər.
Azərbaycan yığması 4-cü tur çərçivəsində Fransa millisi ilə Parisdə – “Park de Prens” stadionunda qarşılaşıb ə 0:3 hesabı ilə uduzub.
Həmçinin yığmamız seçmə mərhələdə İslandiyaya 2 dəfə məğlub olub (0:5, 0:2), Ukrayna ilə görüşlərdə 1 dəfə heç-heçə edib (1:1) və 1 dəfə yenilib (1:2).
Hazırda D qrupunda Fransa 13 xalla liderdir. Didye Deşamın komandası artıq mundiala vəsiqəni təmin edib. İslandiya 7 xalla 2-ci, eyni xalı olan Ukrayna 3-cü, 1 xala malik Azərbaycan isə 4-cüdür.
DÇ-2026-nın seçmə mərhələsi
16 noyabr
D qrupu
21:00. Azərbaycan – Fransa
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyonnikovs (Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)
***
Komandaların start heyətləri açıqlanıb.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev
Fransa: Lukas Şevalye, Malo Qusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Akliuş, İbrahima Konate, Vayne Zayr-Emeri, Con Mateta, Lukas Hernandes, Teo Hernandes
***
Matç başladı.
***
Renat Dadaşov 4-cü dəqiqədə millimizi hesabda önə çıxarır.
***
Mateta 17-ci dəqiqədə hesabı bərabərləşdirir.
***
Akliuş 30-cu dəqiqədə Fransanı hesabda önə keçirir.
***
Kefren Türam 46-cı dəqiqədə Fransanın 3-cü qolunun müəllifi olur.
Fasilə.
***
İkinci hissə başladı.
***
Komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndiyi üçün meydanı tərk edir. Onu Aydın Bayramov əvəzləyir.
***
Millimiz 1:3 hesabı ilə doğma meydanda fransızlara məğlub oldu.