Medianews.az
Dil yarası -
78 baxış

Dil yarası - Replika əvəzi

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dövlət dilinin saflığının qorunması problemini bir daha gündəmə gətirməsi bu yöndə müzakirələri artırıb.

Medianews.az qeyd edir ki, dil normalarının pozulması hallarına ən yüksək rəsmi sənədlərdə də rast gəlinir. Məsələn, ölkənin əsas qanununda - Azərbaycan Respublikasının Konstitusiyasında dilimizə pərçim edilmiş tərəfindən sözü 24 dəfə işlədilib, 52 yerdə isə var əvəzinə vardır yazılıb.

Azərbaycan dilinin orfoqrafiya normalarına görə, ilə qoşması aid olduğu sözdən ayrı yazılmalıdır. Dörd söz istisnadır: etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə.

Konstitusiyanın iki maddəsində ilə qoşması olan söz yanlış yazılıb: şərtilə. Yeddi maddədə məqsədilə əvəzinə yanlış məqsədi ilə variantı yer alıb, bir maddədə münasibətilə əvəzinə münasibəti ilə variantı, üç maddədə vasitəsilə yerinə vasitəsi ilə variantı gedib.

Bəzi mərkəzi icra hakimiyyəti orqanlarının adında da dil normalarının pozuntusuna rast gəlinir. Məsələn, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini götürək. Xidmət sözünün birini ixtisara salsaq və üzrə köməkçi sözündən imtina etsək, doğru variant alınar: Azərbaycan Respublikasının Hərbi Səfərbərlik və Çağırış Dövlət Xidməti.

Əslində, burada “Dövlət” sözü də artıqdır. 2014-cü ildə “Aydın yol” qəzetində dəyərli bir ekspertin yazdığı kimi, “Azərbaycan Respublikası” söz birləşməsi qurumun dövlətə aid olduğunu təsbit edir. Yəni tutalım, Azərbaycan Respublikasının Hərbi Səfərbərlik və Çağırış Dövlət Xidməti yox, Azərbaycan Respublikasının Hərbi Səfərbərlik və Çağırış Xidməti adı daha uyğundur.

Başqa nümunələr də gətirmək mümkündür: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əvəzinə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi demək, yaxud Diasporla İş üzrə Dövlət Komitəsi yerinə Diasporla İş Komitəsi variantını seçmək olmazmı?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adı uğursuzdur. Bu nazirliyin funksiyalarını nəzərə alıb Kommunikasiyalar Nazirliyi kimi qısa variant seçsək, dilə daha yatımlı gələr.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əvəzinə Əmək və Sosial Müdafiə Nazirliyi, ya da Əmək və Sosial Məsələlər Nazirliyi variantını seçmək mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerinə Ətraf Mühit Nazirliyi adı üstündə dayanmaq olar.

Dövlətdən rəsmi lisenziya alan, ancaq adı dövlət dili normalarından uzaq banklar da az deyil. Antireklam olmasın deyə ad çəkmirik: rəsmi siyahıya nəzər yetirəndə hər şey aydın görünür.

Eyni irad ölkənin bir çox önəmli ticarət və istirahət şəbəkələrinə də ünvanlana bilər: şəbəkə bizimdir, adı özgənin. Yenə antireklam olmasın deyə ad çəkmirik: hamı hər birini tanıyır...

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun