Medianews.az
Azərbaycan 9 ayda 10 milyard dolları necə qazanıb? –
1,410 baxış

Azərbaycan 9 ayda 10 milyard dolları necə qazanıb? – AÇIQLAMA

Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu ilin 9 ayında 17% artaraq 60 milyard dollardan 70 milyard dollara yüksəlib.

İqtisadçı ekspert Samir Əliyev Medianews.az-a bildirib ki, artımın əsas təkanverici qüvvəsi Dövlət Neft Fondunun aktivlərinin tərkibindəki qızıl olub: “9 ay ərzində qızılın həm həcmi artıb, həm də qiyməti. Aktivlərdə qızılın həcmi 146.6 tondan 184.8 tona qədər artırılıb. Bu müddətdə qızılın 1 unsiyasının təxmini qiyməti 2641 dollardan 3873 dollara kimi yüksəlib. Təkcə qızılın bahalaşması və həcminin artması hesabına Dövlət Neft Fondunun aktivləri 10 milyard dollardan çox artıb.

Digər əsas artım aktivlərin üçdə ikisini təşkil edən ABŞ dollarının dünyanın əsas valyutalarına münasibətdə ucuzlaşması nəticəsində məzənnə fərqi hesabına yaranıb. 9 ayda aktivlərin beşdə birini təşkil edən Avropa valyutasının nominal məzənnəsinin 13% bahalaşması nəticəsində dollar ifadəsində aktivləri 1,5 milyarda qədər artıb. Eyni zamanda aktivlərə daxil olan Britaniya funt sterlinqi (7.1%), Yaponiya yeni (5.6%) və Çin yuanı (2.2%) da dəyər qazanıb”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun