Medianews.az
Zəngəzur dəhlizini də müzakirə ediblərmi? -
1,330 baxış

Zəngəzur dəhlizini də müzakirə ediblərmi? - AÇIQLAMA

Oktyabrın 30-u Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov Medianews.az-a açıqlamasında deyib ki, Trampla Cinpinin danışıqları ABŞ və Çin arasındakı geosiyasi rəqabətin doğurduğu beynəlxalq və regional riskləri nisbi olaraq stabilləşdirmək zərurətindən irəli gəlirdi: “Buna görə də ABŞ və Çin bu rəqabəti idarə etməyi kritik məqsəd kimi ortaya qoyurlar. Liderlərin yanaşması daha çox ABŞ ilə Çini müvəqqəti sövdələşmə əsasında hərəkət sahəsi müəyyənləşdirməyə yönəlib.

Lakin ABŞ ilə Çinin əməkdaşlıqla rəqabətin sərhədlərini müəyyən edəcək sabitləşmə mexanizmləri tapacağına ümidlər olsa da, tərəflərin strateji rəqabəti əsasən Asiyada şişə bilmək ehtimallarından uzaq deyil. Nəzərə alanda ki, son zamanlar ABŞ diplomatiyasının fəallığı nəticəsində Çin Yaxın Şərqdəki proseslərdən sıxışdırılmış kimi görünür, o zaman Pekin rəqibinə qarşı Asiyada başqa kart oynaya bilər.

Bundan başqa, Vaşinqton Pekinə Tayvana müdaxilə üçün “yaşıl işıq” yandırsa belə, Ağ ev bunun gələcəkdə rəqibini cilovlamaqda çətinlik yaradan akt kimi nəzərə alacaq”.

A.Kərimovun sözlərinə görə, ABŞ ilə Çin – hər ikisi Rusiyanın ambisiyalarını nəzarət altına ala biləcək oxşar düşüncəyə sahibdir: “Lakin Çinin Rusiyanı cilovlamaq səyləri fərqli, ABŞ-nin strategiyası isə fərqli məntiqə söykənir.

Vaşinqtonla Pekin Ukraynadakı müharibənin nəticələrini gözləyərkən bu məntiqlərin hansı formada dəyişikliyə məruz qala biləcəyini də hesablayırlar. Rusiya isə ABŞ-dən fərqli olaraq “müttəfiqi” Çinə qarşı kəskin mövqedə dayana bilmir.

Görünür ki, Rusiya Çinin məqsədlərini aydınlaşdırmağa və onun maraqlarını daha çox Ukraynadakı hərbi kampaniyanın nəticələrinə uyğunlaşdırmağa cəhd edir”.

A.Kərimov qeyd edib ki, ABŞ-Çin danışıqlarının nəticələrindən söz açarkən, Cənubi Qafqaz, Mərkəzi Asiya regionları arasındakı nizamlama tətbiqinin məzmununa baxa bilərik: “Ehtimal etmək olar ki, ABŞ ilə Çin Cənubi Qafqazda TRIPP marşrutu (Zəngəzur dəhlizi) üzrə əməkdaşlıq nümunəsi yaradıb, onu intensivləşdirmək və dəhlizin xarakterini Mərkəzi Asiyada möhkəmləndirmək istəyindədirlər.

Çinin TRIPP marşrutuna qarşı kəskin mövqedə dayanmaması onun Azərbaycanın iştirak etdiyi layihədə ABŞ-nin iştirakına etibar etdiyini göstərə bilər. Bu mənada, Trampla Cinpinin 2 saata yaxın davam edən görüşündə Cənubi Qafqaz müzakirə masasında olubsa, deməli, Pekin ABŞ-nin Cənubi Qafqazdakı iştirakı və onun məqsədlərini rədd edən xəttin tərəfdarı olmadığını göstərib; Zəngəzur dəhlizinin ABŞ ilə Çinin tədrici yaxınlaşmasına stimul verən komponent olduğunu liderlər bir-birlərinin diqqətinə çatdırıb”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun