Oktyabrın 25-26-da Vyetnamın paytaxtı Hanoy şəhərində BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.

Konvensiyada kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.
Oktyabrın 25-26-da konvensiyanı ümumilikdə 72 ölkə imzalayıb. Azərbaycanın konvensiyanı ilk imzalamış ölkələrdən biri olması ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin göstəricisi kimi dəyərləndirmək mümkündür.
“Kibercinayətkarlığa qarşı” Konvensiya bütövlükdə Azərbaycana nə verir? Bu konvensiyanı imzalaması başqa dövlətlərin Azərbaycan, Azərbaycanın isə digər dövlətlər qarşısında hansı öhdəliklər götürməsi deməkdir? “Kibercinayətkarlığa qarşı” Konvensiyaya qoşulması Azərbaycan qanunvericiliyində hansısa dəyişikliklərə zərurət yaradırmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, bu konvensiyanın imzalanması Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik sistemində mövqeyinin daha da güclənməsi və bu sahədə qlobal əməkdaşlıqda aktiv tərəf kimi çıxış etməsi baxımından mühüm addımdır.
E.Abbasovun sözlərinə görə, “Kibercinayətkarlığa qarşı” BMT Konvensiyası dövlətlər arasında informasiya-kommunikasiya texnologiyalarından sui-istifadə, kibercasusluq, dələduzluq, şəxsi məlumatların oğurlanması, infrastruktur hücumları kimi cinayətlərin istintaqı və sübutların toplanması prosesində hüquqi əməkdaşlığı tənzimləyir: “Azərbaycanın bu sənədi imzalaması o deməkdir ki, ölkəmiz kibercinayətkarlıqla mübarizədə beynəlxalq standartları tətbiq etməyi, məlumat və sübut mübadiləsini beynəlxalq mexanizmlər çərçivəsində həyata keçirməyi, həmçinin bu sahədə qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərində BMT-nin müəyyən etdiyi prosedurlara uyğun davranmağı öhdəsinə götürür.
Bu eyni zamanda digər dövlətlərin də Azərbaycanla kibertəhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməsinə, informasiya mübadiləsinin sürətlənməsinə və sərhədlərarası kibercinayətlərin istintaqında qarşılıqlı etimadın artmasına imkan yaradır”.
E.Abbasov qeyd edib ki, hüquqi baxımdan konvensiyaya qoşulmaq milli qanunvericilikdə müəyyən yenilənmələri də zəruri edə bilər: “Buraya “Kibercinayətkarlıq haqqında” ayrıca qanunun qəbul edilməsi və ya mövcud Cinayət Məcəlləsində “kompüter məlumatlarına icazəsiz giriş”, “rəqəmsal sübutların toplanması və qorunması”, “elektron məlumatların saxlanması və təqdim edilməsi” kimi müddəaların daha dəqiq tənzimlənməsi daxildir. Əsas məqsəd milli hüququn beynəlxalq hüquqi standartlara uyğunlaşdırılması, həmçinin istintaq və məhkəmə orqanlarının bu istiqamətdə koordinasiyalı fəaliyyətini təmin etməkdir.
Bu addım həm də Azərbaycanın rəqəmsal suverenliyinin qorunması, dövlət və özəl sektorun kibermüdafiə səviyyəsinin yüksəldilməsi, beynəlxalq təcrübə və texnoloji imkanların paylaşılması baxımından strateji əhəmiyyət daşıyır. Beləliklə, konvensiyanın imzalanması formal hüquqi addım deyil, ölkəmizin qlobal kibermühitdə təhlükəsiz və məsuliyyətli iştirakçılığını təmin edən sistemli bir siyasətin tərkib hissəsidir”.

İKT üzrə ekspert İlkin Məmmədkərimov Medianews.az-a bildirib ki, konvensiyanın müddəaları Azərbaycan qanunvericiliyinin bir çox sahəsinə — Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və informasiya təhlükəsizliyi ilə bağlı normativ aktlara təsir göstərə bilər: “Xüsusilə elektron sübutların toplanması və saxlanması, məlumatların beynəlxalq səviyyədə ötürülməsi, eləcə də transsərhəd məlumat sorğularına cavab mexanizmləri kimi məsələlərdə bəzi hüquqi tənzimləmələrə ehtiyac yarana bilər”.
İ.Məmmədkərimov vurğulayıb ki, bu dəyişikliklər kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsaslarını gücləndirəcək və Azərbaycanı daha effektiv beynəlxalq hüquqi əməkdaşlıq sisteminə daxil edəcək.
Nailə Qasımova, 
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
