Medianews.az
Artıq çəki və qidalanma vərdişləri -
69 baxış

Artıq çəki və qidalanma vərdişləri - Tədqiqatlar nə göstərir?

Son illərdə dünyada artıq çəki problemi təkcə estetik məsələ kimi deyil, qlobal sağlamlıq böhranı kimi qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hazırda dünyada bir milyarddan artıq insan piylənmədən əziyyət çəkir və bu göstərici ildən-ilə artır. Artıq çəki ürək-damar xəstəlikləri, şəkərli diabet, xərçəngin bəzi növləri, hormonal pozuntular və psixoloji problemlər də daxil olmaqla bir çox ciddi xəstəliklərin riskini yüksəldir. Bu səbəbdən alimlər və tibb mütəxəssisləri uzun müddətdir ki, çəki artımının qarşısını almaq üçün yeni və daha təsirli üsullar axtarırlar. Son dövrlərdə bu axtarışlar fasiləli oruc və kalori məhdudlaşdırılması kimi pəhriz modellərinə xüsusi diqqətin yönəlməsinə səbəb olub.

Aparılan son elmi araşdırmalar göstərir ki, fasiləli enerji və ya kalori məhdudlaşdırılması təkcə çəki itkisi ilə nəticələnmir, eyni zamanda insan orqanizmində daha dərin, kompleks və uzunmüddətli dəyişikliklərə səbəb olur. Alimlər müəyyən ediblər ki, bu cür pəhriz modelləri beyin fəaliyyəti və bağırsaq mikrobiotasının quruluşu arasında sıx əlaqəni dəyişdirərək iştahanın tənzimlənməsinə, qida asılılığının azalmasına və maddələr mübadiləsinin daha səmərəli işləməsinə təsir göstərə bilər. Xüsusilə beyin-bağırsaq-mikrobiom oxu adlanan mexanizm son illərin ən çox araşdırılan mövzularından birinə çevrilib.

Çində aparılan genişmiqyaslı tədqiqat bu sahədə diqqətçəkən nəticələr ortaya qoyub. Çinli alimlər artıq çəkidən əziyyət çəkən 25 könüllünü 62 gün davam edən fasiləli enerji məhdudlaşdırma proqramına cəlb ediblər. Bu proqram çərçivəsində iştirakçılar müəyyən günlərdə aşağı kalorili qidalanıb, müəyyən dövrlərdə isə oruc tutublar. Tədqiqat müddətində onların həm bədən çəkisi, həm də beyin və bağırsaq fəaliyyəti mütəmadi olaraq müşahidə edilib. Nəticələr gözləniləndən daha yaxşı olub. İştirakçılar orta hesabla 7,6 kiloqram, yəni bədən çəkilərinin təxminən 7,8 faizini itiriblər. Lakin bu araşdırmanın əsas əhəmiyyəti yalnız çəki itkisi ilə məhdudlaşmayıb.

Araşdırma zamanı funksional maqnit rezonans görüntüləmə müayinələri vasitəsilə iştaha, impuls nəzarəti və asılılıq davranışları ilə əlaqəli beyin bölgələrində əhəmiyyətli aktivlik dəyişiklikləri qeydə alınıb. Eyni zamanda bağırsaq mikrobiotasının tərkibində də nəzərəçarpacaq dəyişikliklər baş verib. Bu dəyişikliklərin təsadüfi olmadığı, əksinə, bir-biri ilə sıx əlaqəli və zamanla dinamik şəkildə inkişaf etdiyi müəyyənləşdirilib. Çinin qabaqcıl mütəxəssislərindən biri olan Qiang Zeng qeyd edib ki, fasiləli enerji məhdudlaşdırılması insanlarda beyin-bağırsaq-mikrobiom oxunu real şəkildə dəyişdirir və arıqlama prosesi zamanı bu üç sistem arasında qarşılıqlı təsir daha da güclənir.

Bağırsaq mikrobiomu insan orqanizmində trilyonlarla bakteriyanın yaşadığı mürəkkəb ekosistemdir. Bu bakteriyalar təkcə həzmi deyil, immun sistemini, hormon balansını, hətta psixoloji vəziyyəti belə təsir altına alır. Son tədqiqatlar göstərir ki, bağırsaq bakteriyaları sinir sistemi və qan dövranı vasitəsilə beyinə təsir edən neyrotransmitterlər (sinir daşıyıcıları) və digər bioloji maddələr ifraz edə bilir. Çin Milli Geriatrik Klinikasının alimi Xiaoning Uang bildirib ki, bağırsaq mikrobiomu ilə beyin arasındakı əlaqə iki istiqamətlidir. Bir tərəfdən, mikrobiom beyinə təsir edir, digər tərəfdən isə beyin insanın yemək davranışını formalaşdıraraq bağırsaqdakı bakterial tarazlığı dəyişdirir. Bu qarşılıqlı əlaqənin daha dərindən öyrənilməsi artıq çəki ilə mübarizədə inqilabi yanaşmaların ortaya çıxmasına yol açacaq. Növbəti mərhələdə əsas məqsəd arıqlama zamanı hansı bağırsaq bakteriyalarının və hansı beyin bölgələrinin həlledici rol oynadığını dəqiq müəyyənləşdirməkdir. Bu biliklər gələcəkdə fərdiləşdirilmiş pəhriz və müalicə üsullarının hazırlanmasına imkan verə bilər.

Fasiləli oruc və kalori məhdudlaşdırılması mövzusu yalnız çəki itkisi baxımından deyil, həm də orqanizmin özünü bərpa mexanizmləri ilə əlaqəli olduğu üçün maraq doğurur. Bu mexanizmlərdən ən çox diqqət çəkəni autofagiya prosesidir. Qədim yunan dilində "özünü yemək" mənasını verən autofagiya hüceyrələrin daxilində baş verən təmizlənmə və yenilənmə prosesidir. Bu zaman yaşlanmış, zədələnmiş və funksiyasını itirmiş hüceyrə strukturları parçalanır və onların tərkib hissələri yeni hüceyrələrin bərpası üçün yenidən istifadə olunur. Heyvanlar üzərində aparılan araşdırmalarda autofagiyanın ömrü uzatdığı müşahidə edilib. Lakin bu nəticələrin insanlara tam şəkildə aid edilməsi üçün uzunmüddətli klinik tədqiqatlara ehtiyac var.

Fasiləli orucun autofagiyanı necə işə saldığı məsələsi də maraqlıdır. Qida qəbulundan sonra orqanizm əvvəlcə qan qlükozasından enerji mənbəyi kimi istifadə edir. Təxminən üç saat sonra bu mənbə azaldıqda qaraciyər və əzələlərdə toplanmış qlikogen ehtiyatları parçalanmağa başlayır. Qlikogen tükəndikdən sonra isə bədən yağ turşularından əmələ gələn ketonlara keçid edir. Ketoz adlanan bu mərhələdə autofagiya prosesi aktivləşir. Aşağı karbohidratlı qidalanma və müntəzəm fiziki fəaliyyət bu prosesi sürətləndirə bilər.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, fasiləli oruc hər kəs üçün uyğun deyil və universal arıqlama metodu kimi qəbul edilməməlidir. Dietoloqların sözlərinə görə, insanlar sağlam qidalanma vərdişlərini öyrənmədən və həyat tərzlərini dəyişmədən yalnız oruca güvənərlərsə, pəhrizi dayandırdıqdan sonra yenidən çəki artımı ilə üzləşə bilərlər. Bu səbəbdən fasiləli oruc daha çox qidalanma vərdişlərini yenidən formalaşdırmaq üçün bir vasitə kimi qiymətləndirilməlidir. Fasiləli orucun müxtəlif formaları mövcuddur. Ən çox yayılan model 16/8 qaydasıdır. Bu modeldə insan 16 saat oruc tutur, qalan 8 saat ərzində isə qida qəbul edir. Oruc müddətinə yuxu saatları da daxil edilir.

Bu pəhriz zamanı maye qəbulu xüsusi əhəmiyyət daşıyır. Su, şəkərsiz çay və qəhvə kimi kalorisiz içkilərə icazə verilir. Lakin şəkərli içkilər, spirt və emal olunmuş məhsullar tövsiyə edilmir. Eyni zamanda yemək saatlarında qəbul edilən qidaların keyfiyyəti də mühüm rol oynayır. Zülalla zəngin qidalar, sağlam yağlar, tam taxıllar, meyvə və tərəvəzlər, eləcə də probiotiklərlə zəngin məhsullar bağırsaq mikrobiotasının balansını qorumağa kömək edir.

Bütün bu müsbət tərəflərə baxmayaraq, fasiləli orucun riskləri də mövcuddur. Bədən kütlə indeksi çox aşağı olan şəxslər, hamilə qadınlar, qidalanma pozğunluğu olan insanlar, uşaqlar və yaşlılar üçün bu pəhriz uyğun hesab edilmir. Eyni zamanda şəkərli diabet, aşağı qan təzyiqi və digər xroniki xəstəlikləri olan şəxslər də yalnız mütəxəssis nəzarəti altında bu rejimi tətbiq etməlidirlər.

Gündəlik rasionumuza əlavə edilən qidalar zamanla beynin düşünmə tərzini, bağırsağın ritmini və sağlamlığın ümumi istiqamətini formalaşdırır. Bu sahədə aparılan tədqiqatların bizə verdiyi ən böyük mesaj ondan ibarətdir ki, sağlamlıq möcüzə deyil, ardıcıl və şüurlu qidalanmanın təbii nəticəsidir.

Ülkər Xaspoladova,
"Azərbaycan" qəzeti

Bizə qoşulun