Medianews.az
Amnistiyada cəza necə azaldılır? -
174 baxış

Amnistiyada cəza necə azaldılır? - AÇIQLAMA

Milli Məclisin dekabrın 19-u Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul etdiyi amnistiya aktı icra olunmaqdadır. Rəsmi məlumata görə, amnistiya 3 mindən çox şəxsin cəzasının azaldılmasını da nəzərdə tutur. Söhbət amnistiyanın qismən tətbiq olunduğu şəxslərdən gedir. Bəzi şəxslər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub və həmin maddələr arasında amnistiyaya imkan verən maddələr var.

Amnistiyanın qismən tətbiqi, yəni cəzaların azaldılması prosesi necə aparılacaq? Hər bir şəxsin işinə məhkəmələrdə ayrıca baxılacaqmı?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Medianews.az-a bildirib ki, prosedura uyğun olaraq amnistiyanın tətbiq olunduğu şəxslərlə bağlı öncə ilkin hüquqi yoxlama aparılır: “Cəzaçəkmə müəssisəsi və ya probasiya orqanı şəxsin amnistiyaya düşüb-düşmədiyini, amnistiyanın tətbiqinə dair məhdudiyyətlərin, yəni amnistiyanın tətbiq edilmədiyi maddələrin həmin şəxsə aid olub-olmadığını yoxlayır. Bu mərhələdə sənədləşdir tərtib olunur, təqdimat hazırlanır, Penitensiar Xidmətin rəhbərliyinə göndərilir. Penitensiar Xidmətin rəhbərliyi məsələni bir daha yoxlayır. Sonra kimlər ki, cəzadan tam azad olunacaq, onların işi əlavə yoxlama üçün prokurorluğa göndərilir. Prokurorun rəyindən sonra Penitensiar Xidmət cəzadan tam azad olunacaq şəxsləri azadlığa buraxır.

Qismən azad olunmanın da başlanğıcında oxşar proseduralar həyata keçirilir, şəxs amnistiyaya uyğun gəlirsə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi təqdimat hazırlayıb Penitensiar Xidmətin rəhbərliyinə göndərir. Penitensiar Xidmətin rəhbərliyi işi yoxlayır, sonra təqdimat hazırlayıb məhkəməyə göndərir. Beləliklə, cəzanın azaldılması məsələsi məhkəmədə həllini tapır.

Burada vacib məqam ondan ibarətdir məhkəmədə yenidən cinayət işinə baxılmır, şəxsin təqsirlilik məsələsi də müzakirə olunmur. Yalnız amnistiya aktının tətbiqi məsələsi həll edilir. Məhkəmə konkret məhkum üzrə hesablama apararaq cəzanın neçə ay, yaxud neçə il azaldılması haqda qərar verir. Məhkəmə bu qərarı iclas keçirmədən, eləcə materiallar əsasında, bəzən də sadələşdirilmiş iclas keçirərək qəbul edə bilər. Ümumiyyətlə bu, tam miqyasda bir məhkəmə araşdırması deyil, daha çox icraedici hüquqi prosedurdur.

Hər şəxsin məsələsinə ayrıca baxılır. Amma bu, uzunmüddətli proses də demək deyil. Məhkəmələrdə ardıcıl, toplu icraat mexanizmləri tətbiq olunur, oxşar kateqoriyalar üzrə standartlaşmış qərarlar verilir. Yəni fərdilik qorunur, çünki hər kəsin cəzası fərqlidir, amma sistem yüklənmir.

Beləcə məsələ fərdiləşdirilir, çünki hər kəsin cəzası fərqlidir, cəzanın nə qədər azaldılacağı dəqiq hesablanır, hər iş üzrə hüquqi qərar qəbul olunur, amma bu, tam miqyaslı məhkəmə prosesinə çevrilmir. Məhkəmələr burada amnistiyanın icraedici mərhələsinin hüquqi təminatçısı rolunda çıxış edir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun