Medianews.az
Aİ hantavirusla bağlı həyəcan siqnalı verdi:
108 baxış

Aİ hantavirusla bağlı həyəcan siqnalı verdi: Peyvənd və müalicə üzərində işlər başlayıb

Avropa İttifaqı (Aİ) hantavirusla bağlı vəziyyəti nəzarətdə saxladığını və virusa qarşı peyvəndlə müalicə üsullarının hazırlanması istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, hazırkı mərhələdə bu hallar genişmiqyaslı epidemiyanın başlanğıcı kimi qiymətləndirilmədiyi bildirilib.

Aİ Komissiyasının Dayanıqlı Nəqliyyat və Turizm üzrə üzvü Apostolos Tzitzikostas Avropa Parlamentində çıxışı zamanı Hollandiya bayrağı altında fəaliyyət göstərən MV Hondius sərnişin gəmisində qeydə alınan hantavirus halları ilə bağlı görülən tədbirləri dəyərləndirib.

Onun sözlərinə görə, indiyədək 11 yoluxma halı müəyyən edilib, onlardan 9-u laborator analizlə Andes hantavirusu kimi təsdiqlənib. Virus səbəbindən 3 nəfər ölüb, 2 xəstənin isə reanimasiyada müalicəsi davam edir.

Tzitzikostas bildirib ki, şübhəli və təsdiqlənmiş bütün hallar ciddi tibbi nəzarət altında təcrid olunub. O vurğulayıb ki, hazırda daha genişmiqyaslı epidemiyanın başlandığını göstərən hər hansı əlamət yoxdur.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) isə Avropada ümumi əhali üçün risk səviyyəsini “çox aşağı” kimi qiymətləndirib. Bununla yanaşı, Aİ-nin səhiyyə və mülki müdafiə mexanizmlərinin sürətlə işə salındığı qeyd olunub.

İspaniyanın yardım müraciətindən sonra mayın 6-da Aİ Mülki Müdafiə Mexanizmi aktivləşdirilib. Tenerife adasından Avropadakı xəstəxanalara 70-dən çox sərnişin və ekipaj üzvü təxliyə olunub. Onların 40-dan çoxunun Aİ vətəndaşı olduğu bildirilib.

Rəsmilər xəbərdarlıq edib ki, virusun uzun inkubasiya dövrünə görə yaxın həftələrdə yeni yoluxma halları aşkarlana bilər. Aİ Komissiyasının Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ECDC və üzv ölkələrlə koordinasiyalı şəkildə işlədiyi vurğulanıb.

Tzitzikostas qeyd edib ki, Aİ-də hazırda hantavirusa qarşı təsdiqlənmiş xüsusi peyvənd və ya müalicə mövcud deyil. Bununla belə, virusa qarşı ümidverici peyvənd və müalicə metodlarının hazırlanması istiqamətində araşdırmalar aparılır.

Qeyd edək ki, hantavirus əsasən gəmiricilərdən insana keçən virusdur. Yoluxma daha çox gəmiricilərin qurumuş nəcis, sidik və tüpürcək qalıqları ilə çirklənmiş havanın tənəffüsü, bəzi hallarda isə dişləmə və ya cızma nəticəsində baş verir. Virus qızdırma, halsızlıq və əzələ ağrıları kimi simptomlarla özünü göstərə bilər.

Medianews.az

 

Bizə qoşulun