Uzun illərdir ki, .az milli domeni ilə bağlı məsələ tam həllini tapmır.
Dəfələrlə bu mövzuya toxunmuşam, amma hələ də bu strateji resurs normal tənzimləmə predmetinə çevrilməyib.
.az domen bazası dedikdə, ölkəmizə məxsus bütün .az domen adlarının siyahısı, onların qeydiyyat və idarəetmə sistemini təmin edən texniki baza nəzərdə tutulur.
Bu sistem Azərbaycanın rəqəmsal kimliyinin və milli internet infrastrukturunun bünövrəsidir.
Dövlət, media, bank və biznes resurslarının fasiləsiz fəaliyyəti birbaşa bu bazadan asılıdır.
Hazırda qlobal resurslardakı mövcud məlumatlardan görsənir ki, .az zonası üzrə bütün əsas və ehtiyat DNS serverləri xaricdə — Almaniya, Ukrayna və ABŞ-da yerləşir.
Yəni 1993-cü ildə istifadəyə verilən .az domeninə aid bütün data və infrastruktur Azərbaycanın hüquqi nəzarətindən kənardadır.
Bu isə, xüsusən dünya düzəninin indiki vəziyyətində ölkənin milli təhlükəsizliyi və rəqəmsal suverenliyi üçün ciddi risk yaradır.
Mövcud qanunvericiliyə əsasən, domen adlarının tənzimlənməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətindədir.
Nazirlər Kabinetinin 2019-cu il tarixli 63 nömrəli qərarı ilə Qaydalar təsdiqlənsə də, “Milli inzibatçı”nın kimliyi bu günə qədər heç bir rəsmi sənəddə göstərilməyib.
Bu, ölkə hüquq sistemində nadir hallarda rast gəlinən absurd vəziyyətdir.
Digər tərəfdən, belə bir strateji resursun kritik informasiya infrastrukturu kimi tanınmaması da əlavə boşluq yaradır.
Görünür, milli domen infrastrukturun fiziki olaraq xaricdə yerləşməsi onun kritik qanunvericilik perimetrinə daxil edilməsinə imkan verməyib.
Ölkələrin əksəriyyəti isə milli domen infrastrukturunu strateji və kritik olaraq dəyərləndirirlər.
Ədalət naminə qeyd edim ki, RİNN son illərdə bu sahədə normallaşma istiqamətində cəhdlər edib.
Xatırlayıram ki, İKTA faktiki “Milli inzibatçı” olan İntrans şirkətinin rəhbəri ilə bir neçə dəfə, necə deyərlər separat görüşlər keçirdi.
Amma görünür ki, heç nə əldə edə bilmədi və danışıqlar uğursuz oldu.
Görünür ki, bundan sonra RİNN domen tənzimlənməsini , bir qədər qəribə görünsə də tənzimləyici qurumun əlindən almaq məcburiyyətində qaldı.
Prezidentin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə bu sahədə səlahiyyətlər Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinə verildi.
Düşünürəm ki hazırda məhz beynəlxalq normalara və Azərbaycan internetinin maraqlarına uyğun kollegial bir tənzimləyici qurum formalaşdırılmalı və milli domenin əsas texniki baza və infrastrukturu ölkəyə gətirilməlidir.
Milli domen bazalarının ehtiyat variantlarının xaricdə yerləşdirilməsi isə daha məqbul olardı.
Bu, tam realdır – Azərbaycanda artıq bir neçə Tier III səviyyəli data mərkəzlər fəaliyyət göstərir: AzInTelecom (Bakı və Yevlax), Delta Telecom, Azerconnect və s.
Fikrimcə tez bir zamanda .az domeninə kritik informasiya infrastrukturu statusu verilməlidir.
Yeni tənzimləmə səlahiyyəti əldə edən İRİA da "Milli inzibatçı" məsələsinə hüquqi aydınlıq gətirilməlidir.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru