ABŞ-də 56 yaşlı qadın küçədə açıq lyuka düşərək həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Nyu-York şəhərinin Manhetten bölgəsində baş verib.
Polisin məlumatına görə, ölən şəxsin Nyu-York ştatının Brayerklif Manor ərazisində yaşayan Donike Qocay olduğu müəyyənləşib. O, bazar ertəsi axşam saatlarında avtomobilindən düşərkən qəfil açıq lyuka yıxılıb.
Ətrafdakı insanlar qadına kömək etməyə çalışsalar da, lyukun dərin olması xilasetmə işlərini çətinləşdirib. Şahidlərin sözlərinə görə, hadisə yerində lyukun ətrafında heç bir qoruyucu maneə olmayıb.
Qadın dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Araşdırma zamanı məlum olub ki, lyuk elektrik avadanlıqlarının yerləşdiyi yeraltı şaxtaya aid olub. Şəhər qaydalarına əsasən, bu cür lyuklar təhlükəsizlik məqsədilə qapalı və ya mühafizə olunmuş vəziyyətdə saxlanılmalıdır.
Elektrik təchizatı şirkəti “Kon Edison”un açıqlamasına görə, müşahidə kameralarının görüntüləri lyuk qapağının hadisədən təxminən 12 dəqiqə əvvəl ağır yük maşınının üzərindən keçməsi nəticəsində yerindən tərpəndiyini göstərib.
Faktla bağlı araşdırma aparılır.

