Medianews.az
“525” həftəliyə dönür, qiyməti dəyişir
347 baxış

“525” həftəliyə dönür, qiyməti dəyişir

Noyabrın 17-də “525-ci qəzet”in 33 yaşı tamam olur.

Nəşrə yığcam həftəlik kimi başlayan “525” 1996-cı ildən dövriliyini mərhələlərlə artırıb, 1999-cu ildən isə gündəlik qəzetə çevrilib.

“525-ci qəzet” hazırda həftədə beş dəfə işıq üzü görür.

Daha beş gündəlik qəzet - “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Bakı xəbər”, “Şərq”, “Səs” kimi Medianın İnkişafı Agentliyi “525-ci qəzet”in də bütün saylarını maliyyələşdirir, qəzetə internet versiyası ilə birlikdə ayda 18000 manat yardım edir.

2026-cı ildən Medianın İnkişafı Agentliyi qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək. Onlara internet versiyası ilə birlikdə ayda 8000 manat ödənəcək.

Medianews.az-ın məlumatına görə, bu, bəzi qəzetlərin dövriliyində dəyişikliyə gətirib çıxaracaq.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Medianews.az-a açıqlamasında deyib ki, gələn ildən qəzeti həftədə bir dəfə nəşr etməyi planlaşdırırlar: “Düşünürük ki, “525-ci qəzet”i həftədə bir dəfə - şənbə günləri çıxaraq. Qəzetimizi 24 səhifə həcmində nəşr etməyi nəzərdə tuturuq. Satış qiyməti isə 1 manat olacaq”.

Hazırda “525”in həm 16, həm də 24 səhifəlik sayları 40 qəpiyə satılır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun