Təhsil eksperti, sabiq deputat Etibar Əliyev sosial media hesabında bəzi jurnalistlərin xalq yazıçısı Elçinlə vida mərasimindən sensasiya kimi yaydığı xəbərlərə istehza edib.
Medianews.az-ın məlumatına görə, E.Əliyev bildirib:
“Birinci sensasiya odur ki, yazıçı Elçinlə vida mərasimində onunla uzun illər birgə çalışmış sabiq baş nazir Artur Rasizadənin iştirak etmədiyini yazdılar. Artur Rasizadə bu iddialara gözəl cavab verdi: "Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Mən onun həyat yoldaşıyla danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı getməmişəm. Mənim Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızıyla nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. Jurnalistlərin bir insafı, vicdanı olsun da. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də o mərasimdə iştirak edib. Mərasimə əklil də göndərmişəm".

İkinci sensasiya isə odur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev etdilər. Belə edirlər ki, Ramiz müəllim heç yerə getmir...”

Xatırladaq ki, avqustun 3-də 82 yaşında vəfat edən Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, 1993-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyevlə vida mərasimi avqustun 4-də Gənc Tamaşaçılar Teatrında olub. Həmin gün mərhum yazıçı Fəxri xiyabanda torpağa tapşırılıb.
Medianews.az