04.08.2025, 08:20
348 baxış
Azad
Özbəkistan hökuməti “Sea Breeze Uzbekistan” layihəsi ilə bağlı qərar qəbul edib
Özbəkistan Nazirlər Kabineti “Sea Breeze Uzbekistan” kurort layihəsi üzrə tədbirlər haqqında qərar qəbul edib.
Qərarda kurortun dəyəri 5 milyard dollar olaraq göstərilir. Daha əvvəl bu rəqəm 7 milyarddan 10 milyard dollara qədər qiymətləndirilirdi.
Layihəyə “Agalarov Development” şirkəti cavabdehdir. Onun həyata keçirilməsi üçün 570 hektardan çox torpaq sahəsi ayrılıb.
Şirkət torpağı 25 illik icarəyə götürəcək. Endirim əmsalı nəzərə alınmaqla, inşaatçının beş il ərzində ödəyəcəyi məbləğ 17 milyard som (1,34 milyon dollar) təşkil edəcək. Halbuki güzəşt olmadan bu məbləğ 1,7 trilyon som olardı.
İnvestor layihənin master-planına uyğun olaraq qanunvericiliyə əsasən torpağı subicarəyə vermək hüququna malik olacaq. Bundan əlavə, icarədarlar və subicarədarlar infrastruktur rüsumu ödəyəcəklər.
Razılaşmaya əsasən, ekoloji normalara ciddi riayət olunmalıdır: tullantıların Çarvaq və Çirçikə axıdılması qadağandır, bütün çirkab suları Çirçikdəki təmizləyici qurğulara yönəldilməlidir. Bu tələblərin pozulması layihənin dayandırılmasına və torpaq icarəsinin ləğvinə səbəb olacaq.
Bütün mühəndis və ekoloji həllər Ekologiya Nazirliyi və Baş Prokurorluq tərəfindən təsdiqlənməlidir.
Əgər investor və ya icarədarlar Torpaq Məcəlləsinin tələblərini pozsalar, icarə heç bir kompensasiya ödənilmədən ləğv ediləcək.
Elçin Alıoğlu