Natiq Cəfərli, 
siyasətçi, iqtisadçı
  
                              
                                            
            
                  
                  18.07.2025, 14:03
                
                
                  
                  204 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              Sülh sazişi BMT-nin Nyu-Yorkdakı binasında imzalana bilər
 
                Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında sazişlərin, sənədlərin imzalanması, rəsmi əlaqələrə, normallaşma prosesinə start verilməsi bu gün həmişəkindən daha çox vacibdir.
Azərbaycan, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Kremlin bölgəyə ən böyük təsir alətini “sındırıb-atdı” – indi rəsmi Bakı, həm də rəsmi İrəvan Moskva ilə münasibətlərdə daha rahat və müstəqil davrana bilirlər.
Bu rahatlığı, müstəqilliyi, bu vəziyyəti fiksə etmək üçün sülh danışıqları bu il yekunlaşmalı, sənədlər imzalanmalıdır.
Düşünürəm ki, bunun üçün sentyabr ayı çox uyğun görünür – bu il sentyabrın 9-da Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının açılışı olacaq, 23 sentyabrda isə dünya liderlərinin, ölkələrin rəsmi şəxslərinin iştirakı ilə ənənəvi tədbirin açılışı olacaq. Prezident İlham Əliyev və baş nazir Paşinyan, çox güman ki, o tədbirə gedəcəklər. Faktiki olaraq ABŞ ərazisi, amma beynəlxalq hüquqa görə neytral sayılan BMT-nin Nyu-Yorkdakı binasında, Trampın iştirakı və bütün dünyanın gözü qarşısında sənədlər imzalana bilər. Bu addım həm bütün gözləntilərə cavab verər, həm də dünya miqyaslı pozitiv hadisəyə çevrilə bilər. Trampın iştirakı diqqəti artırmaqla yanaşı, ABŞ administrasiyasının “daha bir sülhə nail olduq” kimi PR-na da şərait yaradar. Qoy PR etsinlər, xoşlayırlarsa, bu da bizə uyğundursa, Tramp bu addımı da öz ayağına yaza bilər.
Azərbaycan-Ermənistan sənədləri imzalanan kimi, Türkiyə də Ermənistan ilə sərhədlərini açacaq, diplomatik münasibətlər qurulacaq, ticarət əlaqələri yaranacaq – bütün bunlar da Azərbaycanın dövlət maraqlarına tam uyğundur.
Prezident Əliyev və Azərbaycan hökuməti sülh sazişindən, tarixi uğurdan sonra artıq daxili iqtisadi, sosial problemlərin həllinə köklənməlidir. Son illər yaradılan və biznes üçün yükə, bağa çevrilən aşırı tənzimləmə, nəzarət orqanları ləğv edilməli, kiçik-orta sahibkarlıq əsas prioritet elan edilməlidir. Yeni vergi və gömrük məcəlləsi qəbul edilməli, vergilər-rüsumlar azaldılmalıdır.
Azərbaycan toplumunun Dövlətin və Xalqın birgə qazandığı tarixi zəfərdən sonra gözləntiləri var – biznes nəfəs almaq istəyir, vergilərin, rüsumların azalacağını gözləyir, bunun əvəzinə isə nəzarətedici, biznesin gününü qara edən qurumlar artdı (məsələn, “AQTA”, daha bir neçəsini saya bilərəm) , cərimələr yüksəldi, iş görmək üçün şərait pisləşdi. Belə olmaz...
Natiq Cəfərli, 
siyasətçi, iqtisadçı
  
                              
              
Natiq Cəfərli, 
siyasətçi, iqtisadçı
  
                              
              Paylaş: