Medianews.az
Bu, Trampın inamını itirdiyindən xəbər verir – <span style=color:red>Politoloq
227 baxış

Bu, Trampın inamını itirdiyindən xəbər verir – Politoloq

“Trampın Putin və Rusiya ilə bağlı sərt ritorikaya keçməsi onun Ukrayna məsələsində diplomatiyanın perspektivlərinə inamını itirdiyini göstərir”. Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında belə deyib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya yeni silahlar vəd edib. İyulun 7-si paytaxt Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə bir araya gələn dövlət başçısı şam yeməyindən əvvəl jurnalistlərə deyib ki, özünü müdafiə edə bilməsi üçün Ukraynaya daha çox silah göndərməyə ehtiyac var: “Putin bizə çoxlu cəfəngiyat danışır. Söylədikləri qulağa xoş gəlir, amma heç bir mənası yoxdur. Mən ondan məmnun deyiləm. O, pis adamdır və çoxlu adam öldürür, ən çox da öz əsgərləri ölür. Mən sanksiyaları ciddi olaraq nəzərdən keçirirəm, Senatın layihəsini öyrənirəm. Ukraynaya müdafiə silahlarının göndərilməsinə sərəncam verdim. Müharibə yəqin ki, 3-4 gün davam edərdi, lakin biz Ukraynaya ən yaxşı silahlar göndərdik və onlar mərdliklə döyüşdülər...” Ötən həftə Vaşinqtonun Kiyevə bəzi silahların tədarükünü dayandırdığı açıqlanıb, bu fonda Rusiyanın Ukraynaya hava hücumları daha da güclənib. Ukraynanın silahla təchizatına məhdudiyyətlər həm müxalif Demokratlar Partiyası, həm də Donald Trampın üzv olduğu Respublikaçı Partiyası dairələrini narazı salıb, tənqidlər səslənib. Donald Trampın 7 iyul açıqlamasının ardından ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndəriləcəyini rəsmən bəyan edib. Politoloq Ş.Cəfərlinin fikrincə, Rusiya hazırkı mövqeyini davam etdirsə, ABŞ-la münasibətlərdə Trampın ikinci dönəmində də ciddi tərəqqi baş verməyəcək: “Halbuki Trampın bu yöndə niyyəti, iradəsi var idi və o, Bayden dövründəki Rusiya siyasətini davam etdirmək fikrində deyildi. MAGA ictimaiyyəti də müharibənin qısa müddətdə ya dayandırılmasını, ya da ABŞ-ın bu məsələdən yaxasını tamamilə kənara çəkməsini gözləyir və tələb edirdi. Putinin atəşkəs və sülhlə bağlı təklifləri dərhal rədd etməsinə rəğmən Trampın sülhyaratma cəhdlərini son günlərə qədər davam etdirməsinin səbəbi bəlkə də o idi ki, Rusiyaya qarşı təzyiq siyasətinə dönüş baş verəndə MAGA radikalları prezidenti sülhün imkanlarından tam istifadə etməməkdə qınaya bilməsin. ABŞ prezidentləri xarici siyasət mövzuları üzrə nə qədər fərqli yanaşmalara malik olsalar belə, hər iki partiyanın üzərində konsensusa vardığı milli maraqlar var ki, dövlət başçısının həmin maraqları ayaqlayaraq siyasət yeridəcəyini düşünmək doğru olmaz. ABŞ-da Ukraynanı təslim etməyin və Avropanı aqressiv rus imperializmi qarşısında tək buraxmağın, NATO-dakı bir-birini müdafiə öhdəliyindən (NATO nizamnaməsinin 5-ci maddəsindən) imtinanın tərəfdarları var, amma bu, dövlətin marağında deyil”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun