Oqtay Qorçu
01.07.2025, 09:29
269 baxış
Azad
Hamı Putinə qarşı durmalıdır - Casuslar üzə çıxarılmalı, xainlərin adı açıqlanmalıdır
Ruslara xidmət edən "kilkə" casusların, yəni vətən xainlərinin sayı o qədərdir ki...
Rusiyaya, konkret Putinə onun üslubu ilə və onun öz dilində cavab vermək gərəkdir. Baş verənlərin artıq yozuma ehtiyacı yoxdur. Bu şər açıq mətnlə danışır. Putin heç bir ölkəyə, heç kimə hörmət etmir və bu belə də davam edəcək. Şeytanı islah etmək mümkün deyil, onu ancaq Ukraynanın dirənişi məhv edə bilər. Azərbaycan doludur agentlərlə. Özünü büruzə verən təbliğatçılar və gizlinə çəkilən peşəkar kəşfiyyatçılar.
Belə bir şəraitdə kim qarantiya verə bilər ki, Azərbaycan hakimiyyətinin içində Putin siyasətini, eləcə də ölkəmizdəki casus şəbəkəsini himayə edən məmurlar yoxdur?
Ona görə də artıq qətiyyətlə, sərt hərəkətə keçməyin zamanı yetişib. Dövlət Rusiyanın Azərbaycandakı ən təhlükəli casuslarını üzə çıxarıb həbs etməli və bütün xainlərin adını açıqlamalıdır.
İblisin məqsədi bəllidir - daima səksəkədə saxlamaq, qorxutmaq. Canımız Azərbaycana daraşıb onu içindən yemək istəyən Putinin qarşısında hamı durmalıdır. Putin rejiminin mövqeyi bəllidir. Bu iblis birmənalı şəkildə Azərbaycan xalqına, Azərbaycan dövlətinin varlığına, Azərbaycanın siyasi rəhbərliyinə nifrət edir. Bunu kim bilmir ki...
İqtidarlı, müxalifətli Azərbaycan toparlanıb birlikdə Rusiya şovinizminə qarşı mübarizə aparmalıdır. Rusiya səmasında vurulan təyyarə barədə məlumatlar yenidən ictimaiyyətə təqdim edilməli və bu böyük faciəmiz gündəmdən düşməməlidir.
Putin Rusiyası artıq son dövrlərini yaşayır və can verənədək sancmağa davam edəcək. Cavabı verilməsə, onun murdar, uzun caynaqları ölkəmizin daxilinə uzanıb başlayacaq qaşıyıb qanatmağa.
İndiki vəziyyətdə çox sərt davranmaq üçün Azərbaycan hakimiyyətinə bəraət gətirəcək fürsətlər də var. Yeni manevrlər gözlənilməz yeni şanslar gətirə bilər, üstəlik, Azərbaycan dövlətinin nümayiş etdirdiyi mövqe hazırda Ermənistandakı mövcud duruma da böyük təsir göstərə bilər.
Rusiya nüfuzunu itirməklə bərabər həm də böyük statusundan məhrum olub. Artıq bu ölkənin nüvə dövləti olması belə özgələri qorxuya salmır. Tamamilə işğal etmək üçün soxulduğu Ukraynada hər gün itirə-itirə gedir. Qonşu İran isə yeni savaşdan çıxıb və uzun müddət Azərbaycanla çox ehtiyatlı davranmaq zorunda qalacaq, demək olar ki, "ülgüc üzərində" siyasət aparacaq.
Avropanın, ABŞ-ın, hətta Çinin Azərbaycanı müdafiə etməməsi üçün ciddi bir səbəbi də yoxdur, əksinə, hamısının bu bölgədə xüsusi marağı var.
Allah şeytana lənət eləsin!
Azərbaycan dili daha çox təbliğ olunmalı və biz hər kəsi dövlət dilində danışmağa dəvət etməli, daha sonra isə ölkədə rusdilli orta təhsil müəssisələrinin bağlanmasını ictimai müzakirəyə çıxarmalıyıq. Təbii ki, əgər bəzi məmurlar imkan versə...
Azərbaycan heç vaxt Rusiyanın quberniyası olmayacaq. Hərdən belə məqamlarda pafos da lazımdır, çünki...
Azərbaycandan əlini çək! Rədd olsun Putler faşizmi!
Oqtay Qorçu
Oqtay Qorçu
Paylaş: