Medianews.az
O, bütün ermənilərin Paşinyanı ola biləcəkmi? – <span style=color:red>Və Zəngəzur andına sadiq qalacaqmı?
241 baxış

O, bütün ermənilərin Paşinyanı ola biləcəkmi? – Və Zəngəzur andına sadiq qalacaqmı?

Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin arasında qarşıdurma açıq və sərt xarakter alıb. Bəlli olduğu kimi, Ermənistanda kilsənin siyasi proseslərə ciddi təsir imkanları var. Hazırkı qarşıdurma II Qareginin kilsə rəhbəri postundan getməsi, daha geniş mənada götürsək, ümumən kilsənin siyasətdən uzaqlaşdırılması, belə demək mümkünsə, Ermənistan dövlətinin daha da dünyəviləşməsi ilə nəticələnə bilərmi? Yoxsa əks proseslərin - II Qareginin Paşinyanı zəiflətməsi, yaxud devirməsi, kilsənin siyasətdə iştirakının güclənməsi, Ermənistan dövlətinin sekulyarlıqdan bir az da uzaqlaşması daha gözləniləndir? Necə deyərlər, Paşinyan, yoxsa kilsə?.. Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Elşad Paşasoy deyib ki, Nikol Paşinyan 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə düz bir il qalmış kilsəyə, konkret olaraq katolikos II Qareginə hücum etməklə əslində “vint”ləri möhkəmlətməyə hesablanmış bir prosedura start verib: “Bundan əvvəl Ermənistanda müxalifətin ayrı-ayrı təmsilçilərinin də Paşinyana hücum xarakterli hərəkətləri müşahidə olunurdu. Paşinyan dərhal onların da cavabını verdi, özü də əsasən dolayı yolla. Keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, həmçinin Qarabağdakı keçmiş xunta rejiminin separatçı başçısı Samvel Şahramanyanla bağlı cinayət işlərinə yenidən baxılması, onların sorğu-suala çəkilməsi bu şəxslərin gələcəkdə, necə deyərlər, xam xəyallara düşməməsi üçün preventiv tədbirlərdir. II Qaregin də bir katolikos kimi hansısa məqamda erməniləri Paşinyana qarşı qaldıra biləcək fiqurdur. Üstəlik, onun Rusiyaya bağlılığı şübhə doğurmur. Son zamanlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun, ayrı-ayrı deputatların davamlı şəkildə İrəvana səfərlər etməsi təsadüfi deyil. Təbii, o da təsadüfi deyil ki, Qərbə bağlı bəzi çevrələr bu səfərləri etirazla qarşıladılar, hətta Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz şüarlar səsləndirdilər. Bu, Ermənistanın “iki stulda oturmaq” xislətindən qaynaqlanan mövqe, yaxud mövqesizlikdir ki, aşağılara da sirayət edib. Qareginə qarşı sərt mövqe və ifşaedici açıqlamalara gəldikdə, çox güman ki, Paşinyanda erməni kilsəsinin revanşa cəhd edə biləcəyi barədə məlumatlar var. Ona görə 2026-cı ildə parlament seçkilərinin taleyinə təsir göstərə biləcək çevrələri zərərsizləşdirmək üçün bəri başdan hərəkətə keçib”. E.Paşasoy II Qareginin Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən Zvartnos hava limanında onu böyük bir izdihamın qarşılamasına da diqqət çəkib: “II Qaregin onu dəstəkləyənlərə təşəkkürünü bildirməklə yanaşı, müəyyən mənada bir güc nümayiş etdirməyə də cəhd göstərib. Düzdür, Paşinyanın səsləndirdiyi əsas ittihama, yəni katolikosun subaylıq andını pozması, övlad sahibi olması ittihamına cavab verməyib. Amma o, cavab verdi-vermədi, bu faktın yayılması öz işini görüb. Xəbərlərdən belə anlaşılır ki, II Qareginin övlad sahibi olması yenilik deyil. Bunu bir çoxları bilirmiş. Görünür, Paşinyan II Qareginin “zəif damarını tutub” onu ifşa etməklə, tam nüfuzdan salmaqla çalışır ki, katolikosun bir daha meydana çıxmağa üzü olmasın”. E.Paşasoy hesab edir ki, Ermənistanda güc nümayiş etdirən qüvvələri zərərsizləşdirmək planı həm də Paşinyanı himayə edən xarici çevrələrdən verilmiş bir “ev tapşırığı”dır: “Çünki Avropa İttifaqı, ABŞ Ermənistanda Rusiya ilə üz-üzədir. Qərblə Rusiyanın Ermənistanda savaşı davam edir. Çoxları əmindir ki, Ukrayna savaşı bitdikdən sonra Rusiyanın daha çox diqqət yetirəcəyi ünvanlardan biri Ermənistan olacaq. Moskvanın üzünü Qərbə tutan, Amerika ilə bəlli xartiya imzalayan, eyni zamanda Avropa İttifaqının yarı hərbi dəstələrini ərazisində yerləşdirən Ermənistan hakimiyyəti ilə bir haqq-hesab zamanı gəlib çatacaq. Kreml bunu daha çox Ermənistan daxilində Paşinyanın əleyhdarlarının əli ilə həyata keçirməyə cəhd göstərir. Paşinyan da bütün bunlardan xəbərdardır. Amma proseslərin yekunda kilsəni daha üstün bir mövqeyə gətirəcəyi gözlənilən deyil”. Siyasi şərhçi vurğulayıb ki, ümumiyyətlə Ermənistanın sözün tam anlamında dünyəvi dövlət olacağı barədə düşünmək hələlik çox tezdir: “Çünki erməniçiliyin əsasını təşkil edən, beyinləri bu ideya ilə zəhərləyən ilk növbədə məhz erməni kilsəsidir. II Qareginin Qarabağın işğalı dövründə hansı mövqedə olması, Qafqaz müsəlmanlarının şeyxülislamının əksər təşəbbüsünə biganə yanaşması, əsir və itkin düşmüş şəxslərlə, erməni canilərinin törətdikləri ilə bağlı insani bir mövqe sərgiləməməsi onun hansı düşüncədə olduğuna, hansı missiyanı yerinə yetirdiyinə əyani sübutdur. O, tək deyil. Katolikos postuna yenisi gətirilsə belə heç nə dəyişməyəcək. Çünki əsrlər uzunu beyinləri zəhərləyən bir qurumdan söhbət gedir. Onun birdən-birə təmizlənməsi mümkün olmayacaq. Paşinyanı da bu cür məsələlərdə normal düşüncəli birisi saymaq olmaz. Onun Qarabağı “itirilmiş vətən” adlandırmasına diqqət yetirin. Yəni mahiyyətcə Paşinyanın II Qaregindən elə də böyük fərqi yoxdur”. E.Paşasoyun fikrincə, Ermənistanda hökumət-kilsə qarşıdurması həm də Azərbaycanla sülh sazişi imzalanması prosesini tormozlayan bir hadisədir: “Nikol Paşinyan sanki belə bir mesaj vermək istəyir ki, Azərbaycanla sülh imzalayardı, hansısa kompromislərə gedərdi, amma daxildəki revanşistlər buna imkan vermir, ona görə qareginlərlə mübarizənin sonunu gözləmək gərəkdir. Əslində Paşinyan bu reallıqdan həm də görüntü yaratmağa, manipulyasiya etməyə çalışır. Diqqət edin, II Qareginin övladının olması faktı çoxdan məlumdursa, baş nazir niyə bunu indi açıqlayır? Deməli, bu, hansısa planın tərkib hissəsidir, ssenarinin bir parçasıdır”. Azərbaycanın tələblərinin icrası və üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi ilə bağlı Ermənistanın ləng davranışlarına gəldikdə, E.Paşasoy onu da bildirib ki, N.Paşinyan mahiyyət etibarilə prinsipsiz insan olduğuna görə ondan hər şey gözləmək mümkündür: “Məsələn, günün birində Nikol Paşinyanın kilsə ilə əl-ələ verib eyni məram və məqsəd uğrunda mübarizəyə başladığını elan etməsinə də şahidlik edə bilərik. Bu gün onun real Ermənstandan danışmasına heç cür aldanmaq olmaz, sadəcə Azərbaycanın gücü qarşısında başqa çıxış yolu olmadığı üçün belə davranır, manevrlər edir. Düzdür, hazırda Ermənistan üçün nəfəslik rolunu oynayan İranın müharibə aparması rəsmi İrəvanı çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Amma hələ də Paşinyan Zəngəzur dəhlizinin açılması və Azərbaycanın digər şərtlərinin icrasına yönəlik addımlar atmaqdan yayınır, kilsə ilə dava-dava oyunu aparmaqla diqqəti əsas məsələlərdən yayındırmağa çalışır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun