“Rusiya Bakı-Yerevan arasında sülh müqaviləsi danışıqlarında separatçıların iştirakını təklif edir”.
Politoloq Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib: “Ermənistanda Qarabağ separatçılarının aktivliyi, qondarma “prezident seçkiləri” və s. bu kimi proseslər Azərbaycanla sülh prosesinə mane olacaq. Təbii ki, separatçıların fəaliyyətini inkişaf etdirməsi 2026-ci ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesidir. Hazırda Yerevanda "Artsax" nümayəndəliyi Baş nazir Nikol Paşinyanın əleyhinə siyasi mərkəzə çevrilib.
Ermənistanın Baş naziri ölkəsində "Qarabağ hərəkatına" imkan verilməyəcəyini elan etsə də, separatçıların fəaliyyət azadlığının şahidi oluruq. Eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan məhz Qarabağ məsələsindən yenidən istifadə etməkdədir”.

M.Əsədullazadənin fikrincə, Rusiya-Ukrayna müharibəsində Qərbin zəif çıxış etməsi, danışıqlarda Rusiyanın əlini gücləndirməsi N.Paşinyanın Qərbyönümlü siyasətinə təsir etməkdədir: “Moskvanın Yerevana təzyiqlərı artır. Paşinyan Qərbin seçki öncəsi Rusiya ilə münaqişəyə getməmək kursunu həyata keçirməyə başlayır. Bu fonda Qarabağ separatçılarının yenidən dirilməsi baş verir.
Rusiyanın Ermənistanda aktivləşməsinə gəlincə, Moskva Qarabağ məsələsinin bağlanmasında maraqlı deyil. Hətta Moskva Yerevanda vəd edir ki, danışıqlarda "Artsax" nümayəndəsinin iştirakına çalışacaq. Rusiya bununla sülh müqaviləsinin bağlanmamasını istəyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri məhz Azərbaycan əleyhinə aparılan siyasətin tərkib hissəsidir. Nikol Paşinyanın Rusiyanın bu planına qoşulması regionda sülhün üstündən xətt çəkilməsinə və Avropa İttifaqı ilə əlaqələrin qırılmasına gətirib çıxara bilər. Paşinyan seçki ərəfəsində Rusiya ilə eyni xəttə qayıtmaq görüntüsü nümayiş etdirəcək. Amma seçkilərdə yenidən qələbə əldə etdikdən sonra öz ənənəvi siyasətinə qayıdacaq. Çünki Rusiyanın orbitinə qayıtmaq onun siyasi iflası ola bilər”.
Torğul Əli,
Medianews.az