Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib.
Reytinqi ölçən StartupBlink şirkəti Azərbaycan üzrə partnyorunu da dəyişib.
Global StartupBlink qurumu 2025-ci il üçün növbəti hesabatını açıqlayıb.
Reytinqinə görə startap ekosistemin inkişafı sahəsində Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47 pillə irəliləyib. Bakı şəhəri həm də Mərkəzi Asiyada ən yüksək artım tempi göstərib, e-commerce, edtech sahələrdə startapların inkişafına görə öndədir.
Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan cəmi 4 pillə irəliləmişdi. Reytinqi tərtib edənlər, sektorda ötən ildə 24.5% dinamika olduğunu qeyd ediblər.
Xatırladıram ki 2021-ci ildə ölkəmiz bu reytinqdə 19 pillə geriləmişdi.
Reytinqdən görsənir ki, Gürcüstan, Ermənistan, Ukrayna və Qazaxıstan bizdən xeyli irəlidədir:
- ABŞ
- İsrail
- Estoniya
- Rusiya
- Türkiyə
- Ukrayna
- Ermənistan
- Qazaxıstan
- Gürcüstan
- Azərbaycan
- Belarus
Azərbaycanda son 6 ildə dinamika belə olub :
2020-ci il - 70-ci yer
2021-ci il - 19 pillə geriləyib, 89-cu yer
2022-ci il - 4 pillə irəliləyib, 85 -ci yer
2023-cü il - 1 pillə irəliləyib , 84-cü yer
2024 -cü il - 4 pillə irəliləyib, 80-ci yer
2025-ci il - 6 pillə irərliləyib, 74-cü yer
Xatırladıram ki, uzun illər StartupBlink qurumu ilə Azərbaycan tərəfdən ASAN partnyorluq edib.
Lakin bu il açıqlanan məlumatdam görsənir ki, artıq StratupBlink şirkətinin Azərbaycan üzrə partnyoru RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.
Yəni bu o deməkdir ki, ölkə üzrə ekosistem məlumatlarını bu şirkətə İRİA təqdim edəcək. Güman ki bu il məlumatlar birgə təqdim edilib.
Reytinq reallığı əks etdirirmi?
Şübhəsiz ki, ötən il sektora cavabdeh olan İRİA, KOBİA və ASAN tərəfindən müəyyən addımlar atılıb. Xüsusən də İRİA tərəfindən bəzi əhəmiyyətli addımlar daha çox gözə çarpıb. Bakıda Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb, bəzi bölgələrdə də bu istiqamətdə addımlar atılır.
Qanunvericiliklə bağlı, xüsusən də İRİA üçün ekosistemin inkişafına yönəlik maliyyə vəsaitlərindən istifadə ilə bağlı Qaydalar Prezident tərəfindən təsdiqlənib.
SABAH.HUB-ın aktivliyi də diqqət cəlb edib.
Startap şəhadətnaməsi alan subyektlərin sayı da xeyli artıb.
Amma görünən odur ki, ciddi problemlər qalmaqdadır. Xüsusən də investisiya əlçatanlığı, ilkin inkişaf dövrü keçirən startaplara dəstək, vençur qanunvericiliyin qəbul edilməməsi, universitetlərdə startap və innovasiyaların inkişafına dəstək və s. istiqamətlərdə problemlər var.
Düşünürəm ki daha böyük resurslara sahib olan, ekosistemin əsas cavabdeh qurumu olan İRİA əvvəllər olduğu kimi bəsit tədbirlərə və səmərəsiz xarici səfərlərə deyil, real və fayda verən işlərə fokuslanmalıdır.
StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.
Beləliklə, Azərbaycanın reytinqdə 6 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru