07.05.2025, 20:16
230 baxış
Azad
İlham Əliyevin Moskva səfərindən imtinasına İLK REAKSİYALAR GƏLDİ
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına getməkdən imtinası xəbəri sosial şəbəkədə geniş müzakirə olunur. Medianews.az xəbər yayılandan dərhal sonra “Facebook” şəbəkəsində əksini tapmış fikirlərdən seçmələri təqdim edir.
Arif Hacılı, Müsavat Partiyası Məclisinin sədri:
- İlham Əliyev 9 May hərbi paradında iştirak etmək üçün Moskvaya getməyəcək. Bu barədə RİA Novosti agentliyi Putinin köməkçisi Uşakova istinadən məlumat yayıb. Əlbəttə, bu günü o müharibənin indi həyatda olan veteranlarını və onların yaxınlarını təbrik etməklə qeyd etməyimiz yetərlidir.
Natiq Cəfərli, REAL Partiyası Siyasi Komitəsinin sədri:
- Putinin köməkçisi Uşakov təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya, 9 May tədbirinə gəlməyəcək.
Getməmək doğru qərardır, tam dəstəkləyirəm, bu addım bir daha Azərbaycanın bölgədə Rusiyadan ən az asılı olan ölkə olduğunu, son 5-6 ildə Rusiyanın bölgəmizdə zəiflədilməsində məhz rəsmi Bakının böyük rol oynadığını bir daha sübut edir.
Amma 9 May Qələbə Gününü Putinə, Rusiyaya hədiyyə etmək olmaz. Bu bütün post-sovet xalqlarının birgə qələbəsidir, bir tək ruslara qalsaydı, bəlkə heç vaxt qələbə olmazdı - tək elə Ukrayna xalqı qələbə üçün milyonlarla qurban verdi, Azərbaycan nefti qələbədə ciddi rol oynadı. Bir sözlə, bu Qələbəni Kremlə bağışlamaq olmaz. Bayramınız mübarək! Qoy həmişə sülh olsun!
Elçin Alıoğlu, politoloq:
- Prezident İlham Əliyevin Moskvada keçirilən Qələbə Paradında iştirak etməməsi nə jestdir, nə də diplomatik etiraz. Bu, Azərbaycanın özünü başqalarının geosiyasi planlarının əlavəsi kimi görməkdən imtina etdiyinin göstəricisidir.
Müharibədən keçmiş, ərazi bütövlüyünü bərpa etmiş və mürəkkəb diplomatik mərhələləri uğurla adlamış bir ölkə artıq rəmzi mərasimlərdə iştirak etməklə saxta hörmət görüntüsünü davam etdirmək istəmir.
Son aylar ərzində Bakı ilə Moskva arasında kifayət qədər ciddi fikir ayrılıqları toplanıb. Ən ağrılısı isə AZAL reysi ilə bağlı baş vermiş faciədir. Rusiya hava məkanında azərbaycanlıların həyatına son qoymuş hadisəyə nə aydın cavab verildi, nə hüquqi qiymət verildi, nə də rəsmi üzr istənildi. Bu susqunluq Azərbaycan cəmiyyətində dərin məyusluq və haqlı narazılıq doğurdu.
Bundan sonra gələn hadisələr yalnız gərginliyi artırdı. Azərbaycanın rəsmi informasiya resurslarına Rusiya ərazisindən yönəldilmiş kiberhücumlar, müvafiq qurumların müəyyən etdiyinə görə, təsadüfi deyildi — onların arxasında kimin dayandığı Bakıya məlumdur. Milli Məclisin deputatı Azər Bədəmovun Rusiya hava limanında alçaldıcı şəkildə deportasiya olunması isə artıq açıq hörmətsizlik kimi dəyərləndirilir.
Bu şəraitdə Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir. Bu, boykot deyil — saxtakarlıqdan imtinadır. Bu, xalq qarşısında məsuliyyət daşıyan liderin qərarıdır. Moskva protokoluna yox, milli ləyaqətə üstünlük verən mövqedir.
Əgər Moskva hələ də Bakını “kiçik qardaş” kimi görürsə, deməli, müasir Avrasiya xəritəsinə bir də nəzər salmağın vaxtıdır.
Kreml başa düşməlidir ki, iyerarxiyalar dövrü bitib. Prezident İlham Əliyev ölkəni elə bir xarici siyasət kursu ilə aparır ki, burada tərəfdaşlar keçmiş xidmətlərə görə deyil, bu gün sərgilədikləri münasibətə görə qiymətləndirilir.
Yeni dünyanın qaydası budur: hörmət elan olunmur — sübut olunur. Sözlə yox, əməliyyətlə.
Azər Niftiyev, jurnalist:
- Prezident İlham Əliyev mayın 9-da Moskvada baş tutacaq "Qələbə paradı"na qatılmayacaq. Müzəffər Ali Baş Komandan bu dəfə də strateji və qətiyyətli qərar qəbul edib.
"AZAL"a məxsus olan sərnişin təyyarəsinin məlum qəzaya uğramasından 5 ay vaxt ötür. Rəsmi Rusiya isə əməliyyat-istintaq tədbirləri aparmaqdan boyun qaçırır.
Hadisənin günahkarları tapılıb hüquqi məsuliyyətə cəlb edilmir. Bu isə heç şübhəsiz Rusiyadakı rəsmi dairələrin bu cinayəti ört-basdır etmək niyyətindən qaynaqlanır.
Azərbaycandakı kütləvi informasiya vasitələrinə qarşı kiberhücumlar təşkil edilir və bu hücumların da şimal qonşumiz tərəfindən həyata keçirilməsi öz təsdiqini tapır. Bununla da bağlı rəsmi Moskva hər hansı izahata və açıqlamaya ehtiyac duymur.
Azərbaycanlı deputatın Rusiya ərazisinə girişinə məhdudiyyət qoyulur. Deputat deportasiya olunur və geri qaytarılır. Yenə heç bir rəsmi izahat yoxdur.
Siyahını uzatmaq da olar. Rusiya da Fransa kimi öz imperiya şakərindən qurtula bilmir və özünü region ağası kimi aparır. Amma unudur... Unudur ki, rupor hesab etdiyi ölkələrdən fərqli olaraq ölkəmizə belə üsullarla təzyiq etmək mümkünsüz və nəticəsizdir.
Milli maraqlara söykənən diplomatik siyasət kursu davam edir və gərginləşən geosiyasi münasibətlər şəraitində Prezident İlham Əliyevin "Qələbə paradı" adlı tədbirə qatılmaması ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə layiqli cavab, möhtəşəm strateji gedişdir.
Kəramət Böyükçöl, yazıçı:
- Rusiya-Ukrayna müharibəsi təzə başlayanda Azərbaycan ictimai rəyində belə bir fikir yaradıldı ki, bu müharibədə İlham Əliyev Putinin yanındadı. O vaxt ictimai rəyin belə bir fikirdə olması ən çox Azərbaycan hakimiyyətinə sərf edirdi. Çünki Rusiya baxırdı. Ancaq maraqlı burasındadır ki, Ukrayna prezidenti Zelenski ABŞ və Avropanı belə qətiyyətsizliyinə görə tənqid etdi və Ukraynaya lazımı yardım göstərilmədiyini bildirdi. Amma heç vaxt İlham Əliyevi tənqid etmədi. Nəinki tənqid etmək, hətta İlham Əliyevin doğum gününü ən birinci Zelenski təbrik etdi, müharibə dövründə bir neçə dəfə Azərbaycan prezidentinə təşəkkür elədi. İndi burda sual yaranır. Siz burda deyirsiniz ki, İlham Əliyev Putinin yanındadı, amma Rusiya ilə müharibə aparan Ukrayna prezidenti beş dəfə İlham Əliyevə təşəkkür edib. İlham Əliyev Rusiyanın yanındadırsa, Zelenski ona niyə beş dəfə təşəkkür edib? Rusiyanın yanında olduğuna görə?
Bu gün də məlum oldu ki, İlham Əliyev mayın 9-da Rusiyada keçiriləcək qələbə paradına getməyəcək. Hökumət mediası yazır ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Buna görə də prezident 9 may paradına getməyib. Çox doğru qərardır. Azərbaycan heç vaxt Rusiya ilə açıq müharibəyə girməz, amma qəlbi həmişə Rusiya ilə müharibə edən xalqların yanındadır.
Medianews.az
Paylaş: