Aprelin 23-ü Mərkəzi Bankın sədri Taleh Kazımovun 9 iqtisadçı ekspertlə növbəti görüşü olub.
Görüşdə iştirak etmiş iqtisadçı Natiq Cəfərli Medianews.az-a açıqlamasında deyib ki, belə müzakirələrin ənənəyə çevrilməsi sevindiricidir: “Görüşdə çox açıq fikir mübadiləsi oldu, Mərkəzi Bankın bir çox məsələlərlə bağlı mövqeyini birbaşa qurumun rəhbərindən eşitdik, suallarımızı verdik, razı olmadığımız məqamları bildirdik.
Taleh müəllim söhbət zamanı bir neçə dəfə vurğuladı ki, Mərkəzi Bank inzibati alətlərdən istifadə etmək istəmir, səlahiyyətləri çərçivəsində iqtisadi alətlərə üstünlük verir”.

N.Cəfərli görüşdə bir neçə məsələni qaldırdığını qeyd edib: “Mərkəzi Bankın həftəlik valyuta hərraclarının nəticələrini bir aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bir il ərzində Dövlət Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma düşünürəm ki, həftədə iki hərrac haqında hər yeni həftənin əvvəli ümumi məlumat dərc olunsa, yaxşı olar.
Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım. Yeni, doğru yanaşmadır, amma problem odur ki, bu vəsait 3-4 iri, sistem yaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür.
Qaldırdığım daha bir məsələ bu haqda oldu ki, ölkədə vətəndaşlar arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də bizim treyderlər xarici banklara üz tutub onların online bankçılığı platformalarından istifadəyə üstünlük verirlər.
Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi – bu, ölkəmiz üçün çox kiçik rəqəmdir, amma o biri yandan da bu, nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır”.
N.Cəfərlinin sözlərinə görə, görüşdə bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olunub: “Aldığımız siqnal belədir ki, nə Mərkəzi Bank, nə də hökumət yaxın-orta müddətdə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər”.
Görüşdə iştirak etmiş daha bir iqtisadçı – Əkrəm Həsənov Medianews.az-a bildirib ki, müzakirələr açıq və həmişəkindən bir qədər gərgin keçib: “Fikir ayrılıqlarına baxmayaraq, 30-dan çox sual ətrafında konstruktiv müzakirələr aparıldı: pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam o oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək (əslində, qanunla da bu belədir, amma riayət olunmur). İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir”.

Ə.Həsənov qeyd edib ki, ötən il Dövlət Vergi Xidmətinin rəhbəri də oxşar tədbir keçirmişdi: “Amma həmin görüş belə səmimi alınmamışdı və görüşün ardı gəlmədi. Mərkəzi Bankın sədri isə ildə iki dəfə bu cür görüşlər keçirir və hər dəfə də bütün suallara dolğun cavablar verir. Razılaşdığımız və razılaşmadığımız məqamlar var, amma dialoqun olması müsbət haldır. Digər dövlət qurumlarına ibrət olsun. Yalandan formal ictimai şuralar yaratmaqla deyil ki...”
N.Cəfərli də hesab edir ki, dövlət qurumu olan Mərkəzi Bankın yanaşmasını hökumət qurumları da mənimsəsə, yaxşı olar: “Mərkəzi Bank iqtisadi alətlərlə bazara müdaxilə edib gözlədiyi reaksiyanı ala bilmir, çünki hökumət orqanları bazar iqtisadiyyatı məntiqi ilə davranmağı unudublar, onların əsas aləti inzibati müdaxilələr, sərt tənzimləmə mexanizmlərinin tətbiqidir. Bu gün Avropa İttifaqı ölkələrində iqtisadi geriləmənin əsas səbəblərindən biri “over regulation”, yəni aşırı tənzimləmədir. Avropalılar ABŞ-yə və Çinə həm də buna görə uduzurlar”.
Toğrul Əli,
Medianews.az