Medianews.az
Manipulyasiyalar ola bilər - <span style=color:red>Azərbaycan addım atmalıdır
199 baxış

Manipulyasiyalar ola bilər - Azərbaycan addım atmalıdır

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Ermənistan Daxili İşlər Nazirliyinin Qarabağ ermənilərinə verdiyi pasportlarda doğum yerini Azərbaycan Respublikası kimi göstərməsi məsələsini Medianews.az-a şərh edib. Xatırladaq ki, Ermənistanın Daxili İşlər Nazirliyi bu addımın Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarının tələblərinə əsaslandığını bəyan edib. Bəli, Qarabağ erməniləri həqiqətən Azərbaycanda doğulublar. Amma Ermənistanda onlara verilən pasportlarda doğum yeri kimi Azərbaycan Respublikasının yazılması təkcə həqiqəti etiraf etmək, beynəlxalq standartlara tabe olmaq məcburiyyətindən doğan bir addımdır, yoxsa burada başqa məkrli niyyətlər də ola bilər? Qarabağ ermənilərinin Ermənistan pasportu alması onların Azərbaycan vətəndaşlığından könüllü surətdə imtinası anlamına gəlirmi? Medianews.az-a açıqlamasında Ə.Nuriyev bildirib ki, Qarabağ ermənilərinin yeni pasportlarında Azərbaycan Respublikası ilə bağlı qeyd hər şeydən əvvəl hüquq və tarixi reallığın etirafıdır: “Həmin şəxslər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Qarabağ bölgəsində anadan olublar. Ona görə də onların doğum yerinin Azərbaycan Respublikası kimi qeyd olunması hüquqi baxımından məntiqlidir və beynəlxalq normalara uyğundur. Amma burda müəyyən manipulyasiyalar da ola bilər və bu həm siyasi, həm geosiyasi məqsəd daşıya bilər. Məsələn, onların Azərbaycanda doğulması faktı qaçqın statusunu qabartmaq niyyəti də güdə bilər. Eyni zamanda əgər qaçqındırlarsa, müəyyən humanitar və siyasi dividentlər qazanmağa çalışacaqlar. Necə ki, hazırda geniş miqyasda təbliğat aparıb ağlaşma qururlar ki, biz məcburi köçkünük. Bununla da çoxlu humanitar və digər yardımlar əldə edirlər. Ermənistan dövləti də bundan faydalanır. Bayaq da vurğuladığım kimi, bu məsələlər siyasi manipulyasiya məqsədilə istifadə oluna bilər. Ona görə də Azərbaycan bu istiqamətdə bir çox addım atmalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi, bütövlükdə vətəndaş cəmiyyəti beynəlxalq aləmdə öncə Qarabağda doğulan ermənilərə verilən pasportlarda doğum yerinin Azərbaycan kimi göstərilməsini Ermənistanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha etiraf etməsi kimi vurğulamalıdır. Həmin sənəd nümunələri sübut kimi dövriyyəyə buraxılmalıdır”. Hüquqşünas xatırladıb ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılması və dəymiş ziyanla bağlı hazırda bir sıra məhkəmə prosesləri gedir: “Məhkəməyə təqdim olunmuş sənədlərə hazırda Qarabağ ermənilərinə Ermənistanda verilən pasport nümunələrini də əlavə etmək olar. Həmin pasportlar artıq Ermənistan praktikasında Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının geniş miqyas aldığından xəbər verir. Hazırda sülh danışıqları gedir, Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən etiraf edir. Bununla yanaşı biz mətbuat, ekspert platformaları, digər beynəlxalq platformalar vasitəsilə Qarabağ ermənilərinə verilən sənədləri hüquqi və siyasi reallığın daha bir təsdiqi kimi ictimai rəyə çatdırmalıyıq. Həmçinin bundan istifadə edərək akademik dairələrdə, hüquq müstəvisində geniş yazılarla çıxış edərək fəaliyyətimizi genişləndirməliyik”. [caption id="attachment_811744" align="alignnone" width="1318"]https://reintegration.gov.az/ https://reintegration.gov.az/[/caption] Ə.Nuriyevin sözlərinə görə, rəsmi Bakı hər zaman bəyan edib ki, Qarabağda doğulan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlərsə, dövlətimizin müvafiq instansiyalarına müraciət edib vətəndaşlıq ala bilərlər: “Bununla bağlı elektron platforma da var. Həmin platforma (https://reintegration.gov.az/) fəaliyyətdədir. Azərbaycanın vətəndaşlıq haqqında qanunvericiliyi ikili vətəndaşlığı tanımır. Bir şəxs eyni anda həm Azərbaycan, həm də başqa bir ölkənin vətəndaşı ola bilməz. Azərbaycan vətəndaşlığında olan biri başqa ölkənin vətəndaşlığını qəbul etdikdə bu barədə dərhal Azərbaycan dövlətinə məlumat verməlidir. İndi Azərbaycanda doğulub Ermənistan vətəndaşlığı alanlar bu barədə Azərbaycan dövlətinə məlumat verməsələr belə, düşünürəm ki, mövcud şərtlər çərçivəsində faktın özü – yəni onların başqa bir ölkənin vətəndaşlığını alması avtomatik olaraq Azərbaycan vətəndaşlığından imtina etməsi anlamına gəlir. Bir sözlə, onlar könüllü olaraq Azərbaycan vətəndaşlığından çıxmış hesab olunmalıdırlar”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun