“Rəsmi və təsdiq olunmuş məlumatlara görə, 2024-cü ildə Ukraynada 495.096 insan ölüb, doğulan uşaqların sayı isə 176.679 olub. Dəhşətli mənzərədir, ölüm sayı doğulan uşaq sayından üç dəfəyə yaxın çoxdur. Dünyada ən fəlakətli demoqrafik vəziyyət məhz Ukraynadadır”.
Siyasətçi Natiq Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, ölkə əhalisinin 10 milyon nəfərə yaxını xaricdədir – 3 milyon ukraynalı ya Rusiyaya köçüb, ya da Rusiyanın işğal etdiyi ərazilərdə yaşayır: “Təqribən 7 milyon ukraynalı isə Avropa Birliyi ölkələri, Britaniya, ABŞ, Kanada və Türkiyəyə köçüb. Köçənlərdən 4 milyon nəfərə yaxını artıq köçdükləri ölkəyə inteqrasiya olub, iş tapıblar, uşaqları məktəbə gedib dil öyrəniblər. Sorğulara görə, köçənlərdən cəmi 30%-i nə vaxtsa Ukraynaya qayıdacağını ehtimal edir.
Mən ümid edir və çox arzulayıram ki, atəşkəs alınsa, qəhrəman Ukrayna xalqı korrupsiyasız, ədalətli sistem quracaq, iqtisadiyyatını inkişaf etdirərək əzmlə “post-Putin” dönəminə hazırlaşacaq. Bunu çox istəyirəm, amma demoqrafik fəlakətin qarşısını almaq çox çətin olacaq. BMT-nin hesabatlarına görə, 2050-ci ildə Ukraynada 25 milyon, 2100-cü ildə isə cəmi 15 milyon əhali yaşayacaq. Bu, dövlət və təhlükəsizlik üçün böyük təhdid və çağırışdır”.

Amma N.Cəfərlinin fikrincə, vəziyyəti düzəltmək də olar: “Dünya ölkələrində son müharibədən qaçanları da nəzərə alsaq, haradasa 20 milyondan çox ukraynalı yaşayır, Rusiyada isə 10 milyon nəfərə yaxın etnik ukraynalı var. Ukraynada ədalətli rifah dövləti qurulsa, onların, heç olmasa, 30-35%-i geri dönsə, vəziyyəti düzəltmək olar – Ədalətli Rifah Dövləti təsis edilsə, bu, Rusiyanı da içdən dağıdacaq, etnik ukraynalıların vətənlərinə köçünə, rusların isə öz hökumətlərinə, avtoritar və yoxsul məmləkəti idarə edən “elitaya” qarşı etirazların artmasına səbəb ola bilər”.
N.Cəfərli vurğulayıb ki, torpaq, ərazi təbii ki, çox vacibdir, amma insan daha vacibdir: “Səbirlə, ağılla yanaşsalar, orta və uzun zamanlı oyun qura bilsələr, Ukrayna qalib çıxa bilər”.
Toğrul Əli,
Medianews.az