“Bu dəyişikliyin başlıca məqsədi ölkədə təhlükəsizliyi gücləndirməkdir”.
Hüquqşünas Əliməmməd Nuriyev “Xidməti və mülki silah haqqında” qanuna edilən dəyişikliyi Medianews.az-a şərh edərkən belə deyib.

Qanuna dəyişikliyi nəzərdə tutan layihəni Milli Məclis martın 7-də üçüncü oxunuşda qəbul edib. Dəyişikliyə əsasən, Azərbaycanda 18 yaşına çatmış vətəndaşların yalnız odlu silah istisna olmaqla mülki silah əldə etmək hüququ olacaq. Xatırladaq ki, qanunun hələlik qüvvədə olan variantı 18 yaşına çatmış vətəndaşlara mülki silah əldə etmək hüququnu odlu silahı istisna etmədən verir.
Azərbaycan qanunvericiliyinə əsasən, mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; odlu silah isə barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır.
Ə.Nuriyev Medianews.az-a açıqlamasında bildirib ki, beləliklə, Azərbaycanda mülki qaydada odlu silah əldə etmək hüququ üçün yaş həddi artırılır, bu hüquq 18 yaşdan 21 yaşa qaldırılır: “Yəni odlu silahın daha yetkin, məsuliyyətini daha yaxşı dərk edə bilən şəxslərə verilməsi qərara alınıb. Ölkədə təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bu qərar həmçinin gənclər arasında silah əldə etmə hüququnu məhdudlaşdırmağa, silah üzərində nəzarəti daha da sərtləşdirməyə yönəlib. Bütün bunlar çox vacib məsələlərdir. Odlu silah böyük təhlükə mənbəyidir. Ona görə də silah sahibi olmaq istəyənlərin daha yetkin yaşda olması və daha ciddi yoxlamalardan keçməsi nəzərdə tutulur”.
Milli Məclisin qanuna etdiyi əlavədə deyilir: “Azərbaycan Respublikasında 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır”.
“Xidməti və mülki silah haqqında” qanunda “mülki silah”, “odlu silah” anlayışları olsa da, “mülki odlu silah” anlayışı yoxdur. Bu halda “mülki odlu silah”ı necə başa düşmək lazımdır?
Medianews.az-ın sualını cavablandıran Ə.Nuriyev vurğulayıb ki, burada qanunun məntiqindən çıxış etmək gərəkdir: “Qanunda “mülki silah” və “odlu silah” anlayışlarının izahı verilib. Həmin izahlardan çıxış etdikdə “mülki odlu silah”ın nə demək olduğu aydınlaşır. Bəlli olur ki, “mülki odlu silah” - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş odlu silahdır. Bunu mülki şəxslərin istifadə etməsinə icazə verilən odlu silahları hərbi və xidməti qulluqda istifadə olunan odlu silahlardan, döyüş silahlarından fərqləndirmək üçün işlədilən bir termin kimi başa düşmək lazımdır.
“Xidməti və mülki silah haqqında” qanunun hələlik qüvvədə olan versiyasında mülki silah deyiləndə həm odlu, həm də odlu olmayan silah nəzərdə tutulur. Belə bir silahı əldə etmək hüququ isə 18 yaşına çatmış vətəndaşlara verilir. Yeni düzəlişdə isə 21 yaşına çatmamış şəxslər odlu silah əldə etmək hüququndan məhrum olunur. Çünki onların yalnız odlu silah istisna olmaqla mülki silah əldə etmə hüququ tanınır. Düzəlişdə “mülki odlu silah” ona görə ayrıca vurğulanır ki, mülki şəxslərin odlu silah əldə etmə yaşının 18-dən 21-ə qaldırıldığı, qanuna düzəliş qüvvəyə minəndən sonra yalnız 21 yaşına çatmış mülki şəxslərin odlu silah əldə etmək hüququ olduğu tam, birbaşa təsbit edilsin. Sözsüz, bu dəyişiklik ilk növbədə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. “Mülki odlu silah” bir termin kim yeni görünsə də, mahiyyətcə çox aydındır. Bu, mülki şəxslərin istifadə edə biləcəyi, amma hərbi və xidməti kateqoriyaya daxil olmayan odlu silah deməkdir”.
Nailə Qasımova,
Medianews.az