Medianews.az
Orucu kim poza bilər? - <span style=color:red>MÜSAHİBƏ
234 baxış

Orucu kim poza bilər? - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Medianews.az saytının suallarını cavablandırıb. - Elvüsal bəy, Ramazan ayında orucu hansı hallarda pozmaq icazəlidir? - Əgər oruc tutduqdan sonra orucluq halı bizim sağlamlığımıza ciddi zərər verərsə, biz orucu pozmalıyıq. Bununla yanaşı əgər oruc tutduqdan sonra səhhətimizdə problem yaranarsa və biz dərman atmaq məcburiyyətində qalarıqsa, o zaman da orucu pozuruq. Eyni zamanda oruc tutduqdan sonra şiddətli aclıq və ya susuzluq yaranıbsa, bu, orqanizmə zərər vuracaq həddə gəlib çatıbsa, orucu pozuruq. Yaşlı, çox zəif insan oruc tutmağa başlayandan sonra görsə ki, qocalıq və zəiflik ucbatından orucu davam etdirmək iqtidarında deyil, orucunu poza bilər. Yaxud oruc tutan şəxs bədənində qanaxmaya səbəb olan bir hadisə ilə üz-üzə qala bilər. Məsələn, avtomobildə qəzaya düşə bilər. Qan itirilmə həmin şəxsdə ciddi problemlərə səbəb olursa, o, orucu pozur. - Bəs, orucu batil edən əsas səbəblər hansılardır? - Hər şeydən əvvəl məqsədli şəkildə, qəsdən yeyib-içmək orucu pozur. Yox, əgər şəxs unudaraq yemək yeyərsə və ya maye içərsə, bu onun orucunu pozmur. Bununla yanaşı, oruclu ikən cinsi əlaqədə olmaq orucu pozur. Məqsədli şəkildə, bilərəkdən qusmaq orucu pozur. Yox, əgər bu qusma məqsədli şəkildə olmayıbsa, oruc pozulmamış qalır. Qidalandırıcı, qüvvətləndirici iynələri, seliumu damar vasitəsi ilə qəbul etmək orucu pozur. Amma müalicə məqsədli (ağrıkəsici, antibiotik) iynələri damar vasitəsilə bədənə yeritmək orucu pozmur. Ramazan ayı - Oruc tutmaq kimlər üçün vacib deyil? - Oruc həddi-büluğa çatan, ağlı başında, sağlam olan hər bir müsəlmana vacibdir. Amma müəyyən şəxslər var ki, onlara oruc tutmaq vacib deyil və onlar oruc tutmaqdan azaddırlar. Həddi-büluğa çatmayan uşaqlar oruc tutmaqdan azaddırlar. Amma tədricən onları oruca alışdırmaq tövsiyə edilir. Ahıl, fiziki cəhətdən heyi olmayan insanların oruc tutmağa gücü çatmırsa, onlar oruc tutmaqdan azaddırlar. Xəstələr, xüsusən də xroniki xəstələr, yaxud oruc tutduqları zaman sağlamlığına ciddi zərər gələ biləcək şəxslər oruc tutmaya bilərlər. Məsələn, ola bilsin, insan elə bir xəstəlikdən əziyyət çəkir ki, oruc tutduğu zaman həmin xəstəlik orqanizmə zərər verəcək dərəcədə şiddətlənə bilər. Səfərdə olanlar oruc tutmaqdan azaddırlar. Hamilə və uşaq əmizdirən qadınlar da oruc tutmaqdan azaddırlar. Bununla yanaşı əgər qadın aybaşı, yaxud zahı (doğuşdan sonrakı qanaxma mərhələsi) halındadırsa, oruc tutmur. Əgər şəxs son dərəcə ağır fiziki işdə çalışırsa, həmin iş ailənin başlıca gəlir mənbəyidirsə və bu vəziyyətdə oruc tutmaq həmin şəxsin sağlamlığına zərər yetirirsə, əlbəttə ki, onlar da oruc tutmaqdan azaddırlar. - Ramazan ayında oruclu insanın pis vərdişlərdən, mənfi davranışlardan tam uzaq qalması niyə vacibdir? - Ona görə lazımdır ki, Ramazan ibadətləri həmin şəxsə təsir etsin. Çünki oruc tutmaq yalnız ac və susuz qalmaqdan ibarət deyil. Məqsədli şəkildə Allah üçün ac və susuz qalmaqla biz özümüzü tərbiyə edirik. Oruc tutmaqla nəfsimizi nəzarətdə saxlayırıq, paklanırıq. Əgər insan öz nəfsini nəzarət altında saxlayırsa, deməli, özünü idarə etməyə başlayır. İnsan özünü idarə etməyə başladıqda dəyişdiyini hiss edir. O baxımdan biz Ramazanda təkcə ac və susuz qalmaqla kifayətlənməməliyik. Obrazlı ifadə etsək, digər əzalarımızla da oruc tutmalıyıq. Məsələn, gözümüzlə də oruc tutmalıyıq, harama baxmamılıyıq. Dilimizlə də oruc tutmalıyıq. Dillə edilən günahlardan uzaq qalmalıyıq. Qeybət etməməli, yalan danışmamalı, söyüş söyməməli, kiminsə üstünə qışqırmamlıyıq və sair. Nailə Qasımov, Medianews.az

Bizə qoşulun