Medianews.az
Rusiya və Çin işdən çıxarılan amerikalıları <span style=color:red>necə ələ alır?
504 baxış

Rusiya və Çin işdən çıxarılan amerikalıları necə ələ alır?

ABŞ Prezidenti Donald Tramp İlon Maska tapşırıb ki, dövlət idarələrində işçilərin sayını azaltsın və bununla büdcə əlavə yükdən qurtulsun. Mask da elə addımlar atır ki, bu gedişlə az qala dövlət idarələrinin işçiləri yarıbayarı azalacaq. Tramp və Mask hesab edirlər ki, dövlət idarələrinin bir çoxunda işçilərin sadəcə adı var, pullar kimlərinsə cibinə gedir. Mask bunu müəyyənləşdirmək üçün rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti vasitəsilə dövlət idarələrinin hər bir işçisinə məktub göndərib. Məktubda işçi bir neçə sadə suala cavab verməlidir. Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, bu yanaşma dövlət idarələrində gərginlik yaradıb: “Birincisi, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi dövlət idarələrinin bir qrup işçisi məxfilik şəraitində çalışır. İlon Maskın tələbinə görə, onlar da suallara cavab verməlidir. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri isə rəqib dövlətlər olan Rusiya və Çinin bu yolla məxfi işçilər barədə sirlərə yiyələnə biləcəyindən ehtiyat edirlər. Çünki Rusiya və ya Çin kiberhücumlar vasitəsilə Maskın rəhbər olduğu idarədən məlumatları oğurlaya bilər. İkincisi, Maskın təşəbbüsləri Prezident Donald Trampın təyin etdiyi nazirlərin də narazılığına səbəb olub. Onların bir qismi işçilərinə tapşırıb ki, Maska heç bir məlumat verməsinlər. Bu vəziyyət dövlət idarələrinin işçiləri arasında ikitirəlik yaradıb. Müdir deyir, Maskın suallaraına cavab vermə, Prezidentin təyin etdiyi şəxs isə deyir ki, “suallar cavabsız qalarsa həmin işçi ixtisar ediləcək”. Bəzi işçilər Maskdan daha çox ehtiyat etdiklərinə görə suallara cavab verməyi seçirlər. Çünki Trampı Maskın hər təşəbbüsünü dəstəkləyir”. E.Şahinoğlunun sözlərinə görə, işçilərin ixtisarıyla bağlı ABŞ başqa bir problemlə də üzləşib: “Amerikanın CNN televiziya kanalı kəşfiyyat məlumatlarına dayanaraq işdən çıxarılanlara Rusiya və Çinin diqqəti artırdığını xəbər verib. Rusiya və Çin ixtisara düşən işçilərin bir qismini ələ almağa çalışır. İşdən çıxarılanların bir qismi ABŞ-ın kəşfiyyat məlumatlarına çıxış imkanları olub. Rusiya və Çin həmin məlumatları əldə etmək üçün ixtisara düşən keçmiş hökumət işçisini yüksək maaşla ölkələrinə dəvət edir. Bu hallar keçmiş illərdə də olub. Misal üçün, ABŞ-ın texnoloji şirkətlərində çalışanların bir qismi Çində yüksək maaşla çalışır. Çin Amerikada işdən çıxarılanları müəyyənləşdirmək üçün sosial platformaların gücündən istifadə edir. Aydındır ki, ixtisara düşən işçi özünü və ailəsini dolandırmaq məqsədilə sosial platformalarda iş elanı verəcək. Çin və Rusiya da bu elan üzərindən həmin işçi ilə əlaqə saxlayacaq. Beləliklə, Donald Tramp və İlon Mask dövlət aparatının yükünü azaltmaq istəyərkən, ABŞ üçün daha böyük problem yaradıblar”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun