Medianews.az
“Elə rəy yaradılmışdı ki, guya söhbət satqınlıqdan gedir” – <span style=color:red>Prezident Administrasiyasının təşkil etdiyi görüş haqqında
228 baxış

“Elə rəy yaradılmışdı ki, guya söhbət satqınlıqdan gedir” – Prezident Administrasiyasının təşkil etdiyi görüş haqqında

Fevralın 25-də Prezident Administrasiyası siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil edib. Bakının “Hilton” hotelində “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda keçirilən tədbirdə Prezident Administrasiyasının, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər. Mövzu ilə bağlı Medianews.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, dəyirmi masada yeni siyasi situasiyada yeni siyasi mühitin formalaşdırılması istiqamətində müzakirələr aparılıb. Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatda olan 26 partiyadan 24-ü tədbirdə rəhbərlik səviyyəsində təmsil olunub: "Bir çox partiya sədrləri çıxış etdilər. Tədbir çox əhəmiyyətli və önəmli idi. Belə tədbirlər davamlı olmalıdır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi əvvəllər də müxtəlif mövzular ətrafında siyasi partiya rəhbərləri ilə görüşlər keçirib. Biz AĞ Partiya olaraq həmin görüşlərdə də iştirak etmişik. Yəni şöbə yarandığı gündən belə bir ənənə var. Bir çox mövzularla bağlı geniş və ya daha məhdud tərkibli müzakirələr, görüşlər olur. Partiyalar problemləri qaldırır, həll olunanı da olur, olunmayanı olur. Ümumi diskussiya aparılır”. T.Abbaslı qeyd edib ki, fevralın 25-də keçirilən dəyirmi masa oxşar görüşlərdən biri idi: “Görüşdə bir çox məsələ qaldırıldı. Bəzi partiya sədrləri “Siyasi partiyalar haqqında” qanunda dəyişikliklərə ehtiyac olduğu haqda fikirlər səsləndirdilər. Konstitusiya dəyişikliyi ilə bağlı da təkliflər oldu. Son bələdiyyə seçkilərinin nəticələri ilə bağlı bəzi partiyalar təkliflərini açıqladılar. Görüşdə Milli Məclis Aparatı, Mərkəzi Seçki Komissiyası, Ədliyyə və Maliyyə nazirlikləri, Hesablama Palatası nümayəndələrinin təmsil olunması qaldırılan məsələlərin daha əsaslı müzakirəsinə təkan verdi". T.Abbaslı vurğulayıb ki, dəyirmi masadan dərhal bir nəticə ummaq da düz deyil: "Bu, dialoqun varlığının, davamlılığının göstəricisidir. Partiyalar öz aralarında və təbii ki, dövlətlə dialoq mühitində olmalıdır. Məsələlər düşmənçiliklə, bir-birini inkarçılıqla yox, dəyirmi masa ətrafında, müzakirə ilə həllini tapmalıdır. Belə görüşlər məhz bunun ənənəsini qoyur. Xatırladım ki, zamanında iqtidarla müxalifət ancaq beynəlxalq qurumların təşkilatçılığı ilə bir araya gəlirdi. Bu gün isə artıq heç bir problem olmadan, normal şəkildə, bir-birinin siyasi görüşlərini, yanaşmalarını bəyənməyən partiyalar birgə müzakirə apara bilir. Bizim partiya bu kimi dəyirmi masaları çox əhəmiyyətli, faydalı hesab edir. Ona görə bu sayaq görüşlərdə həmişə aktiv şəkildə iştirak edirik. Ümumiyyətlə, dialoq prosesi 2020-ci ildə başlanandan bəri bu prosesin tərkib hissəsi olmuşuq. Düzdür, prosesi gözdən salmağa çalışanlar, buna müxtəlif adlar qoymaq istəyənlər də var. Lakin siyasi partiyalarla dialoq bütün dünyada mövcuddur. Bu, qeyri-adi bir şey deyil. Sadəcə olaraq indiyədək Azərbaycanda elə bir rəy yaradılmışdı ki, guya dövlət və partiyalar bir araya gəlirsə, deməli, burada xəyanətdən, satqınlıqdan söhbət gedir. Cəmiyyətdə müəyyən qədər belə bir ab-hava var idi. Amma bu görüşlər, dialoqlar, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandıqdan sonra partiyalarla işləmək siyasəti cəmiyyətdə də artıq xatırlatdığım neqativ fikirləri dəyişib. Bir çox dövlət orqanlarının özlərində də belə bir rəy var idi ki, əgər müxalifət partiyasıdırsa, deməli, düşməndir, dövlətçiliyin əleyhinədir. Yəni rəqib yox, düşməndir və məhv edilməlidir. Amma dəyirmi masalar, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti, dövlət qurumları ilə partiyaların ünsiyyəti artıq rəsmi qurumlarda siyasi partiyalara münasibətdə formalaşmış neqativ ovqatı da dəyişib. Qəbul edilər ki, partiyalar, müxalif fikir olmalıdır və bu, təbiidir”. T.Abbaslının sözlərinə görə, dəyirmi masada görüşlərin davamlı olması ilə bağlı təkliflər verilib: “Belə anladım ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi də bu məsələnin davamlı olmasında maraqlıdır. Böyük ehtimalla müxtəlif mövzular ətrafında yeni dəyirmi masalar keçiriləcək, qaldırılan məsələlərə bu və ya digər formada reaksiya bildiriləcək". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun