Medianews.az
Naxçıvan Konstitusiyasına dəyişikliklər: <span style=color:red>Qərar necə qəbul olunub?
293 baxış

Naxçıvan Konstitusiyasına dəyişikliklər: Qərar necə qəbul olunub?

Xəbər verdiyimiz kimi, fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilərək qəbul olunub. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, konstitusiyaya dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulmalıdır. İkinci səsvermə üç ay sonra keçiriləcək. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə ikinci səsvermədə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək. 20 fevral iclası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə keçib. O bildirib ki, muxtar respublikada reallaşdırılan struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin olunmasını zəruri edib. B.Məmmədov deyib ki, hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Medianews.az saytı 20 fevral iclasında qanunun necə qəbul olunduğu haqda əlavə məlumatlar əldə edib. Məlumata əsasən, iclasda Ali Məclisin 45 üzvünün hamısı iştirak edib (yetərsay üçün 31 deputatın iştirakı kifayətdir). Ali Məclis Aparatından iclasa 14 nəfər - aparatın rəhbəri, rəhbər müavini, şöbə, sektor müdirləri və digər məsul şəxslər qatılıb. Daha iki nəfər - Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və “Şərq qapısı” qəzetinin baş redaktoru iclasa dəvət edilib. İclasın gündəliyinə konstitusiya dəyişiklikləri layihəsi ilə yanaşı “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” ombudsmanın 2024-cü il üzrə məruzəsi də daxil olub. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev, Hüquq siyasəti komitəsinin üzvü Təhminə Babayeva və Humanitar siyasət komitəsinin sədr müavini Əziz Qasımov çıxış ediblər. Qanun layihəsi yekdilliklə qəbul edilib. 20 fevral iclasındakı səsvermə zamanı layihənin əleyhinə səs verən, yaxud bitərəf qalan olmayıb. Medianews.az xatırladır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hazırkı tərkibi ötən il sentyabrın 1-də keçirilmiş seçkidə formalaşıb. Sentyabrın 26-da yeni tərkibdə ilk iclas keçirilib, Bəxtiyar Məmmədov sədrin birinci müavini, Arzu Abdullayev sədrin müavini seçilib. Bəxtiyar Məmmədov sədrin səlahiyyətlərini də həyata keçirir. Dairələr üzrə seçilən 45 üzvdən ibarət Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Bölgədə qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini yerli Nazirlər Kabineti həyata keçirir. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Bölgənin baş nazirini ölkə prezidentinin təqdimatı ilə Ali Məclis təyin edir. 2022-ci il dekabrın 21-dən Ali Məclisin sədri postu boşdur. Həmin gündən sədrin səlahiyyətlərini birinci müavin Azər Zeynalov, 2023-cü il oktyabrın 5-dən müavin Anar İbrahimov icra edib. 2022-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəliyini təsis olunub. Səlahiyyətli nümayəndə postunu Fuad Nəcəfli tutur. Naxçıvanın muxtariyyətinin rəsmi tarixi 1924-cü il fevralın 9-dan hesablanır. Status Rusiya və Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il), Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun