Medianews.az
Müasir geosiyasi REALLIQ: <span style=color:red>BRICS-lə əməkdaşlığın DİVİDENTLƏRİ
174 baxış

Müasir geosiyasi REALLIQ: BRICS-lə əməkdaşlığın DİVİDENTLƏRİ

“Rusiyanın Kazan şəhərində keçirilən BRICS-in 16-cı sammiti müasir dünya siyasətində bir sıra yeni reallıqları nümayiş etdirməkdədir. 35-dən çox ölkənin, 6 beynəlxalq təşkilatın nümayəndə heyətinin, eləcə də BMT-nin baş katibi Antonio Quterreşin tədbirdə iştirakı BRICS-in mötəbər tribuna olmasını təsdiqləyir. Rusiya lideri Vladimir Putinin sədrliyi ilə inkişaf etmiş dövlətlərin bu nəhəng platformada birləşərək mühüm geosiyasi aktual məsələləri müzakirə etməsi BRICS-in geniş siyasi-iqtisadi bloka çevrildiyini göstərir”. Medianews.az xəbər verir ki, bu barədə siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib. O qeyd edib ki, Qərb bu təşkilatın nüfuzunu və rolunu azaltmaq üçün müxtəlif spekulyativ yanaşmalar sərgiləyir, özünə qarşı yönəlmiş ittifaq hesab edir. Professorun qənaətincə, gerçəklik budur ki, BRICS-dəki ölkələri qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, dəstək və həmrəylik ruhu birləşdirir: “Dünya əhalisinin 50 faizini və qlobal ÜDM-in 34 faizini özündə cəmləşdirən BRICS-in qlobal siyasətə təsir imkanları ilə yanaşı, iqtisadi bazası da böyükdür. Beynəlxalq ticarətin təxminən 20 faizi, maliyyə resurslarının 25 trilyon dolları BRICS ölkələrində cəmləşib. Hazırda qlobal tranzit-logistika marşrutları, o cümlədən Yeni İpək yolu, Orta Dəhliz, Şimal-Cənub dəhlizinin böyük bir hissəsi bu birlik ölkələrinin ərazisini əhatə edir”. V.Abdullayev vurğulayıb ki, Azərbaycan və qardaş Türkiyə də BRICS ölkələri ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir: “Türkiyə NATO ölkəsi olsa da bu təşkilata daxil olan dövlətlərin hər biri ilə strateji münasibətlər qurub və inkişaf etdirir. Eləcə də Azərbaycan bu təşkilatın iki üzvü ilə yaxın qonşudur, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin müəllifi olan Çinlə strateji müttəfiqdir. Respublikamızın xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunur. Ona görə də ölkəmizin bu təşkilatla yaxın təmaslarını intensivləşdirməsi müasir geosiyasi reallıqlara söykənir”. Professor söyləyib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi müdrik xarici siyasət kursu sayəsində Azərbaycan bütün ölkələrlə ikitərəfli və çoxtərəfli, bərabərhüquqlu dost münasibətlər qurub: “Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli siyasətində BRICS-lə əməkdaşlıq ümumi dövlət maraqlarına və mənafeyimiz uyğundur. Bu təşkilatla əməkdaşlıq Azərbaycanın digər beynəlxalq qurumlarla əlaqələrini zəiflədə bilməz”. Turan ORUC

Bizə qoşulun