Medianews.az
Qarabağın bərpası üçün dünya miqyaslı SƏFƏRBƏRLİK: <span style=color:red>“Rebuild Karabakh” sərgisindən REPORTAJ + FOTO/VİDEO
97 baxış

Qarabağın bərpası üçün dünya miqyaslı SƏFƏRBƏRLİK: “Rebuild Karabakh” sərgisindən REPORTAJ + FOTO/VİDEO

Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsi regionun ən önəmli sənaye tədbirlərindən biridir. Ötən gündən başlayan və oktyabrın 17-ə kimi davam edəcək sərgidə tikinti sahəsində müxtəlif beynəlxalq və yerli şirkətlər Qarabağın bərpası üçün bir araya da gətirilib desək, yanılmarıq. Medianews.az xəbər verir ki, tədbir çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı və Santexnika sərgisi “Aquatherm Baku”, eləcə də 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi “Road&Traffic” keçirilir. Qeyd edək ki, sərgilərdə 22 ölkədən 370-dən artıq şirkət təmsil olunur. Bu tədbirin Azərbaycanın inşaat sektorunun inkişafına və beynəlxalq əməkdaşlığa mühüm töhfə verəcəyi gözlənilir. Onu da əlavə edək ki, tədbir Azərbaycanın müxtəlif dövlət qurumları və agentlikləri tərəfindən də dəstəklənir. Sərgi ilə tanışlıq zamanı Medianews.az-a açıqlama verən Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Babək Cahandarov bildirdi ki, təmsil etdiyi Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün yaradılmış mühüm dövlət qurumlarından biridir. Onun sözlərinə görə, Qarabağın müxtəlif rayonlarında müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası, təhsil, səhiyyə və sosial obyektlərin inşası üçün genişmiqyaslı layihələr icra olunur: “Bu layihələrdən biri də “Mədəni İrsin Bərpası”dır. Bu layihə çərçivəsində Şuşada və Ağdamda tarixi abidələrin və mədəniyyət mərkəzlərinin bərpası həyata keçirilir. Görülən işlər nəticəsində Şuşanın tarixi abidələri bərpa ediləcək və bu ərazilər mədəniyyət mərkəzləri kimi yenidən istifadəyə veriləcək. Qarabağın bərpa işləri yalnız dövlətin daxili resursları ilə deyil, həm də beynəlxalq təşkilatlar, xarici investorlar və yerli iş adamlarının dəstəyi ilə həyata keçirilir. Xəzər İnşaat Həftəsi çərçivəsində baş tutan sərgilər Qarabağ Dirçəliş Fondunun layihələrini beynəlxalq ictimaiyyətə təqdim etmək, tərəfdaşları cəlb etmək və gələcək əməkdaşlıqlar qurmaq, yeni imkanlar yaratmaq üçün ideal platforma kimi çıxış edir. Bu sərgilər Fondun fəaliyyətini daha geniş miqyasda tanıtmağa və beynəlxalq təcrübə mübadiləsinə imkan yaradır”. ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) da Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgidə iştirak edən mühüm qurumlardan biridir. Medianews.az- a danışan ANAMA-nın təlim rəhbəri Musa Məmmədov qeyd etdi ki, Agentliyin fəaliyyəti, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə görülən işlərdən ibarətdir: “Bu ərazilərdə infrastrukturun bərpası və yaşayış üçün təhlükəsiz şəraitin yaradılması ANAMA-nın əsas prioritetlərindəndir. ANAMA-nın bu sərgidə iştirakı Qarabağın bərpası prosesində təhlükəsizliyin təmin olunmasında nə qədər mühüm rol oynadığını bir daha nümayiş etdirir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi prosesi olmadan, bölgədə digər infrastruktur və inkişaf layihələrinin həyata keçirilməsi mümkün deyil. Buna görə də ANAMA-nın fəaliyyəti Qarabağın bərpası prosesində təməl addımlardan biri hesab olunur”. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov isə Medianews.az-a söylədi ki, təmsil etdiyi qurum artıq dördüncü ildir “Qarabağın bərpası, yenidənqurma və inkişafı” sərgisində (Rebuild Karabagh) öz stendi ilə təmsil olunur: “İqtisadi Zonaların İnkişafı Agentliyi olaraq Qarabağın bərpası, əsasən də bölgənin sənaye potensialının inkişaf etdirilməsi işlərində öz töfhələrimizi verməyə çalışırıq. Dövlət başçısının müvafiq fərmanlarına əsasən, Agentliyin idarəçiliyində Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Bu sənaye parklarına 118 milyon manatdan çox investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb. İşğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir”. Sərgi ilə tanışlıqdan sonra biz də əmin olduq ki, “Rebuild Karabakh 2024” Qarabağın bərpası prosesində həm yerli, həm də beynəlxalq tərəfdaşların birgə səylərini gücləndirəcək, bölgənin sürətli və dayanıqlı inkişafına təkan verəcəkdir. Bunu bir növ azad olunan ərazilərin sürətli bərpası və yenidən qurulması üçün dünya miqyasında səfərbərlik kimi də dəyərləndirmək olar. Ən nəhayət, bu kimi tədbirlər iştirakçılara yeni imkanlar təqdim etməklə yanaşı, Azərbaycanın yenidənqurma sahəsindəki nailiyyətlərini daha geniş auditoriyaya çatdırmaq üçün vacib platformadır. Maral Şahverdili Nihat Tahirov

Bizə qoşulun