Medianews.az
Qərbin boşa çıxan ÜMİDİ: <span style=color:red>Vasitəçiliyi ələ keçirmək uğrunda MÜBARİZƏ
132 baxış

Qərbin boşa çıxan ÜMİDİ: Vasitəçiliyi ələ keçirmək uğrunda MÜBARİZƏ

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiyanın Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Sergey Lavrov bildirib ki, oktyabrda baş tutacaq BRICS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü ola bilər. XİN başçısının sözlərinə görə, Rusiyanın təşəbbüsü və iştirakı ilə liderlərin üçlü görüşü baş tuta bilər. Nazir diqqətə çatdırıb ki, rəsmi Moskva 2020-ci ilin noyabr ayının əvvəlində Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı Üçtrəfli Bəyannamədən irəli gələn məsələlərin həyata keçirilməsinə dəstək verməyə hər zaman hazırdır. O, iki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç dəfə görüşdüyünü, üçtərəfli işçi qrup yaradıldığını, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işlər həyata keçirildiyini vurğulayıb. Deyib ki, Rusiya Azərbaycan və Ermənistanla çiyin-çiyinə durmağa, Üçtərəfli Bəyannamədə təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırdır. Bu görüşün baş tutması nə dərəcədə realdır? Bu görüşü Moskvanın Vaşinqtona cavabı kimi də dəyərləndirmək olarmı? Ümumiyyətlə Rusiyanın təşəbbüsü ilə keçirilməsi gözlənilən bu üçtərəfli görüşdən gözləntilər nələrdir? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Cənubi Qafqazdakı sülh prosesləri hazırda dünya nəhənglərinin, o cümlədən ABŞ timsalında Qərbin Rusiya ilə region mübarizəsinin əsas predmetinə çevrilməyə başlayıb. Onun qənaətincə, hər iki tərəf Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını ələ keçirməklə Cənubi Qafqazda təsir mexanizmləri əldə etməyə çalışırlar: “Ona görə də tərəflər bir-birini qabaqlamağa çalışır. Bir müddət öncə ABŞ-nin xarici işlər naziri Antoni Blinken Bakıya və İrəvana zəng edərək Vaşinqtonda BMT Baş Assambleyasında keçirilən toplantı çərçivəsində Azərbaycanla Ermənistan liderlərinin görüşünü təşkil etməyə cəhd göstərmişdi. Lakin Prezident İlham Əliyev ABŞ-yə getmədiyi üçün belə bir görüşün keçirilməsi mümkün olmadı. Bunun əvəzinə Blinken Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə kifayətlənməli oldu. Azərbaycanla Ermənistan liderləri arasında keçiriləcək görüş ABŞ-yə, Bayden administrasiyasına Cənubi Qafqazda manevr imkanlarını artırmaq baxımından lazım idi. Bayden administrasiyası erməni diasporunun dəstəyini öz tərəfinə çəkməkdə maraqlıdır. Sözügedən görüş baş tutmadığından administrasiyanın istəyi də boşa çıxdı”. Politoloq deyib ki, Rusiya ABŞ-nin addımına cavab vermək məcburiyyətindədir: “Belə bir şans da BRICS toplantısı çərçivəsində mümkün ola bilər. Məlum olduğu kimi, Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib. Ermənistan baş naziri Nikol Paşinyan da toplantıda iştirak edəcəyini bəyan edib. Rusiya Azərbaycan və Ermənistan təmsilçiləri arasında istənilən görüş üçün Üçtərəfli Bəyannaməni ön plana gətirib. Bəzi ehtimallara görə, Paşinyan toplantıya qatılmaqdan son anda imtina edə bilər. ABŞ və Qərb iki ölkə liderlərinin Rusiyada mümkün görüşünə qarşı çıxarsa, Ağ Evdən Paşinyan hakimiyyətinə təzyiq göstərilə bilər ki, baş nazir toplantıya qatılmasın”. Ayşən RƏHİM

Bizə qoşulun