Medianews.az
“Göyçəyə qayıtmamış əzrayıla can təslim etməyəcəm!” - <span style=color:red>FOTOLAR
259 baxış

“Göyçəyə qayıtmamış əzrayıla can təslim etməyəcəm!” - FOTOLAR

Bu gün ömrünün 37 ilini müəllim peşəsinə həsr etmiş Niftalı Quliyevin 70 illik yubileyi qeyd olunub, müəllifi olduğu “Nərimanlı - Getməsək də, gəlməsək də, o bizim kəndimizdir” kitabının, həmçinin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin təqdimatı keçirilib. Medianews.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən, şəhidlik mərtəbəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə fəlsəfə doktoru Abbas Bağırov açaraq yubilyarı təbrik edib, onun həyat və fəaliyyətindən, müəllifi olduğun "Nərimanlı - Getməsək də, görməsək də, o bizim kəndimizdir" kitabından söhbət açıb. Bildirib ki, N.Quliyev öz peşəsinə vurğun olan, gələcəyin kamil vətəndaşlarını yetişdirmək üçün əsl fədakarlıq edən müəllim, el-oba təəssübü çəkən dəyərli ziyalı, eyni zamanda araşdırmaçı, publisistik qələm sahibidir. Onun sözlərinə görə, N.Quliyevin qələmə aldığı “Nərimanlı - Getməsək də, gəlməsək də, o bizim kəndimizdir” kitabında Göyçə mahalının ziyalılar kəndi kimi tanınan Nərimanlının keçmişi və müasir dövrləri əhatəli əksini tapıb. Kitabda Nərimanlının tarixi keçmişi, adət-ənənəsi, sakinləri, onların həyat tərzi, həmçinin kəndin coğrafi mövqeyi, toponimləri barədə də ətraflı məlumat verilib. Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, millət vəkili Əziz Ələkbərli rəhbərlik etdiyi qurumun yenidən təşkilatlanmasını, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını, ata-baba torpaqlarımız uğrunda yeni mübarizənin başlanmasını tarixi fürsət kimi dəyərləndirib. Bildirib ki, tarixi missiyanın həyata keçirilməsində hər bir Qərbi azərbaycanlı səfərbər olmalıdır. Millət vəkilinin sözlərinə görə, vaxtilə Qarabağ problemi Azərbaycan dövlətinin ən əsas problemi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuz düşmən üzərində qələbə qazanaraq bu münaqişəni birdəfəlik həll edib. İkinci Qarabağ müharibəsindən sonra tarixi torpaqlarımız uğrunda mübarizəyə start verilib. QAİ sədri deyib ki, bu çərçivədə görülən işlərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Bunun üçün isə ciddi mənbələrə, dəyərli kitablara, vəsaitlərə ciddi ehtiyac var. Bu mənada Niftalı Quliyevin Nərimanlı haqqında ərsəyə gətirdiyi kitab da bir kəndin timsalında Qərbi Azərbaycan həqiqətlərinin həm Azərbaycan daxilində, həm də ölkəmizdən kənarda daha geniş auditoriyaya çatdırılması üçün mühüm əhəmiyyətə malikdir. Sözügedən kitab dünyadakı erməni saxtakarlıqlarını, yalanlarını ifşa etmək baxımından da dəyərli vəsaitdir. Prezident İlham Əliyevin “Qərbi azərbaycanlılar mütləq öz vətənlərinə qayıdacaqlar” fikrini xatırladan millət vəkili vurğulayıb ki, QAİ də bu yöndə fəaliyyət göstərir, mübarizə aparır və soydaşlarımız o torpaqların son qarışına qayıdana kimi İcma mübarizəsini davam etdirəcək. Ə.Ələkbərli QAİ Basarkeçər Rayon İcmasının ən böyük İcma olmasına da diqqət çəkərək, onun fəaliyyətini təqdir edib. QAİ Basarkeçər Rayon İcmasının sədri, akademik Nuru Bayramov yubilyarı təbrik edib və bildirib ki, Göyçə mahalının akademiyası adlandırılan Nərimanlı haqqında kitab yazmaq  milli tariximizə böyük sayğının əlamətidir. O, Nərimanlı kəndi haqqında əvvəllər də bir neçə kitab və məqalələr yazıldığını diqqətə çatdırıb. Deyib ki, Maksim Musayevin, Yusif Bayramovun kitablarında kəndin keçmişi, ictimai-siyasi həyatı, ziyalıları və sair barədə məlumatlar yer alıb. N.Quliyevin yazdığı “Nərimanlı - Getməsək də, gəlməsək də, o bizim kəndimizdir” kitabı isə əvvəlkilərdən genişliyi və hərtərəfliliyi ilə fərqlənir. Akademikin sözlərinə görə, kitabda kəndin qədim tarixi, həmçinin Göyçə gölü sahillərində yaşayan türklərin nə vaxtdan İslam dinini qəbul etmələri ilə yanaşı, son yüz illik həyatı barədə müfəssəl məlumat verilib. Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, Qərbi Azərbaycan, o cümlədən Göyçə haqqında kitab yazmaq, danışmaq tarixi torpaqlarımızı unutmadığımızı, oraya dönmək üçün xəyallar qurduğumuzu, ata-baba yurdumuza qayıdışa hazırlaşdığımızı nümayiş etdirir. O, Qərbi azərbaycanlıların doğma Vətənlərinə qayıdışının tarixi zərurət və həqiqət olduğunu dilə gətirib. Millət vəkilinin sözlərinə görə, bu ümidi, inamı Qərbi azərbaycanlılara Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib. N.Həmzəyev Nərimanlı kəndində keçirdiyi uşaqlıq illərindən, orada məktəbə getməsindən, həmçinin 70 yaşını qeyd edən Niftalı Quliyevin müəllim peşəsinə sədaqətindən, vətənpərvərliyindən, fəaliyyətindən də danışıb. Tədbirdə Nərimanlı sakinlərindən Əməkdar mədəniyyət işçisi, Göyçə aşıq məktəbinin layiqli yetirməsi, ustad Aşıq Fətulla Göyçəli, QAİ Basarkeçər Rayon İcmasının Nərimanlı Kənd İcmasının sədri Şirazi İbrahimov, kənd ağsaqqallarından Sahib Musayev və başqaları da çıxış edərək N.Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edib, onun qələmə aldığı “Nərimanlı - Getməsək də, gəlməsək də, o bizim kəndimizdir” kitabının əhəmiyyətindən danışıb, yubilyara xatirə hədiyyələri təqdim ediblər. Tədbirin sonunda yubilyar N.Quliyev ünvanına deyilən xoş sözlərə görə hər kəsə minnətdarlığını bildirib. Çıxışlardan sonra N.Quliyevin həyat və yaradıcılığına həsr olunmuş “Göyçədən Gəncəyə uzanan ömür yolu” adlı sənədli filmə baxış keçirilib. Film N.Quliyevin “Göyçəyə qayıtmamış əzrayıla can təslim etməyəcəm!” sözləri ilə yekunlaşıb və tədbir iştirakçıları tərəfindən alqışlanıb. Ərtürk İSMAYIL

Bizə qoşulun