Bakı şəhərinin Mirzağa Əliyev küçəsində aylardır davam edən qazıntı, yol-təmir işləri yekunlaşıb. Artıq yola asfalt örtük vurulub, yerdə nişanlanma, xətləmə, rəngləmə işləri görülüb. Amma təəssüf ki, bəzi ərazilərdə bu fəaliyyət standarta uyğun həyata keçirilməyib. Beləki, paytaxtın Səməd Vurğun və Mirzağa Əliyev küçələrinin kəsişməsində yolda iç-içə bir neçə zolağın çəkildiyini müşahidə edirik. Bu, hərəkət iştirakçılarını çaşdırır.
Bundan başqa, qazıntı aparılan yolun kiçik bir hissəsində hələ də çala-çuxur doldurulmayıb, üzəri asfaltlanmayıb. Bir növ iş yarımçıq görülüb, tamamlanmayıb. Eynən Nizami Gəncəvinin məşhur misralarında bəhs olunan yarımçıq papaqçılıq tam mənası ilə özünü burada göstərib. Həmin ərazidə dərin xəndəyin olması barədə hər hansı xəbərdaredici nişan, hərəkəti qadağan edən vasitə yoxdur.
Təsəvvür edin ki, Səməd Vurğun küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitəsi sola dönərək Mirzağa Əliyev küçəsi boyu hərəkətini davam etdirmək istəyir. Bu zaman nəqliyyat vasitəsinin sürücüsü döngədəki xəndəyi görə bilmir. O, ya avtomobilini bu xəndəyə salıb öz daşınan əmlakına ziyan vuracaq, ya da qəfil manevr edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradacaq.
Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, istənilən yaşayış məntəqəsində hər hansı yol-təmir işi görülürsə, mütləq hərəkət iştirakçıların təhlükəsizliyi təmin olunmalıdır.
Onun sözlərinə görə, Mirzağa Əliyev küçəsində təmir işləri həyata keçirən şirkət “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirməyə borcludur: “Təmir işləri gedən ərazilərdə təhlükəsizlik qaydalarına riayət etmək, yolda hərəkət iştirakçılarının rahat gediş-gəlişini təmin etmək mütləqdir. Həmin ərazilərdə istər hərəkət iştirakçılarını, istərsə də sürücüləri hər hansı düzgün çəkilməyən, yaxud qoyulmayan işarələrlə yanıltmaq olmaz. Bununla yanaşı, ərazi yoldakı vəziyyət barədə hərəkət iştirakçılarını məlumatlandıran bayraqcıqlarla da əhatə olunmalıdır. Yolda hər hansı işlərin aparıldığı yeri bildirmək, fərqləndirmək, buna diqqət çəkmək üçün 1.23, 1.28.2, 1.18.3 kimi yol nişanı tətbiq edilməlidir. Bu barədə “Yol hərəkəti haqqında” qanunda geniş məlumat var. Vətəndaşlar üçün təhlükəsizlik tədbirləri bu vasitələrlə təmin edilə bilər”.
Ayşən RƏHİM