“I ixtisas qrupunda ballar artıb”.
Bu sözləri Medianews.az-a təhsil eksperti Kamran Əsədov söyləyib. O bildirib ki, imtahan prosesində pozuntu halları müşahidə edilməyib:
“Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə keçirilən qəbul imtahanları əvvəlki illərinkindən öz məzmununa görə fərqlənib. Belə ki, bu il pandemiya dövründə təhsil almış tələbələr ilk dəfə belə geniş imtahan prosesinə cəlb edilib. Həmçinin Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlar tam mükəmməl şəkildə həyata keçirilib, heç bir ciddi pozuntu müşahidə edilməyib”.
Kamran Əsədov I ixtisas qrupunda balların əvvəlki illə müqayisədə artdığını qeyd edib:
“Ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə nəticələri təhlil edərkən görürük ki, əvvəlki illərlə müqayisədə bu il ən ciddi bal artımı I ixtisas qrupunda müşahidə edilib. I qrupda informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi ixtisaslarının dövlət sifarişli və tədrisi ingilis dilində olanların balı artıb”.
Təhsil eksperti deyib ki, II qrupda ixtisaslar kifayət qədər əlçatan olub:
“II ixtisas qrupunda yenə də aşağı balla ödənişsiz dövlət sifarişli ixtisaslara qəbul olmaq mümkün olub. 206 balla universitetə qəbul olanlar olub. Bu qrupdan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasının çıxarılması ballara ciddi şəkildə təsir edib”.
Onun sözlərinə görə, III qrupda ballar aşağı düşüb:
“III ixtisas qrupunda ballarda kəskin azalma müşahidə olunub. Hüquq ixtisasının pulsuzu 523 bala qədər düşüb. Digər ixtisaslarda da əvvəllər 400-450 balla pulsuza düşmək mümkün deyildisə, bu il III ixtisas qrupunda perspektivli və prestijli ixtisaslara 317, 350 balla qəbul mümkün olub. Balların aşağı düşməsinin əsas səbəbi bu ixtisas qrupuna Regionşünaslıq və Beynəlxalq Münasibətlər ixtisaslarının daxil edilməsi olub. III ixtisas qrupuna keçən il 200 balla qəbul olmaq mümkün olmuşdusa, bu il 186 və daha aşağı ballarla abituriyentlər tələbə adını qazanıblar”.
Ekspert IV qrupda gərgin mübarizənin keçdiyini də vurğulayıb:
“IV ixtisas qrupunda keçən illə müqayisədə balların artdığını müşahidə etdik. Abituriyentlər 608 balla ödənişli əsaslarla ixtisaslara qəbul ola bildilər. Bu da IV qrupda tibb ixtisasına müəyyən plan yerlərinin azalması ilə əlaqəlidir”.
Kamran Əsədov özəl universtitetlərə qəbulun cüzi çətinləşdiyini söyləyib:
“Keçən illə müqayisədə bu il özəl universitetlərin ballarında müəyyən qədər artım müşahidə olunub. Keçən il marketinq, biznesin idarə edilməsi ixtisaslarına 150 balla qəbul olmaq mümkün olmuşdusa, bu il 168, 170 bala qədər artıb”.
O pandemiyanın təsirinin müşahidə olunduğunu da qeyd edib:
“V ixtisas qrupunda ciddi bal artımı müşahidə edilməyib. Ümumilikdə pandemiyanın nəticələri özünü göstərib. Qeyd edim ki, Azərbaycanda 90 və ondan aşağı balla Ali məktəblərə qəbul olmaq mümkün olub”.
Xanlar Əlibəy
Medianews.az