Sosial şəbəkələrdə daha bir yol polisi sürücü mübahisəsi gündəm olub. Görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia edib. Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırıb, kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edib. Polis işçisin “kişi o hərəkəti eləmir, video çəkmir”, “Maykada maşın sürərlər? Səni sutka gözləyir” ifadələri tənqidlərə səbəb olub.
Daha sonra digər polis əməkdaşı sürücüyə yaxınlaşıb onu sərxoşluq testinin yoxlanılması üçün saxladıqlarını bildirib. Söhbət əsnasında polis nəfəri sürücünü avtomobili hərəkətə gətirdiyi zaman arxa işığını işə salmamaqda günahlandırıb, sürücü isə bunu inkar edib. Belə olan vəziyyətdə kimin haqlı olduğunun necə sübuta yetirildiyi maraq mövzusu olub.
Məsələ ilə bağlı Medianews.az Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunsuzluğun müşahidə edildiyi situasiyaların sübuta yetirilməsi üçün polis əməkdaşlarının üzərinə video qeyd edən qurğu yerləşdirilib:
“Polis əməkdaşlarının üzərlərində müvafiq səsyazan cihazla yanaşı, video qeydiyyat aparan vasitə də var. Hər bir avtomobil və sürücü video qeydə çəkilir. Bununla bağlı müvafiq təlimatda norma var. Həmin qeydiyyat cihazlar onun üçün nəzərdə tutulub ki, sürücü ilə yol polis inspektoru arasında yaranan mübahisə faktlaşdırılaraq araşdırılsın”.
Xanlar Əlibəy
Medianews.az