Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlamasından 17 il ötür.
Medianews.az xəbər verir ki, İTV-nin sevilən siması, tanınmış aparıcı Nigar Sabirqızı sosial şəbəkə hesabından çalışdığı kollektivi belə təbrik edib:
“17 ildir səninlə birlikdəyik, səninlə çox şey yaşamışıq. Səndə mən çox gülmüşəm, çox ağlamışam, çox yaxşılıqlar, çox pisliklər görmüşəm. Sən mənə çox şey qazandırmısan. Əlbəttə ki, itirdiklərim də olub. Əldə etdiklərimin daha çox olduğunu da bilirəm. İsmayıl Ömərov dövründə başlayan uğurum məlum səbəblərdən bir müddət inkişafdan qalsa da, “haqq hər zaman yerini tapar” deyib gözləmişəm. Tapdı da. 2018-ci ildə İTV-ni dilə gətirmək istəmədiyim bir çox şeydən xilas edən Balakişi Qasımov və komandası sayəsində qaldığımız yerdən davam etdik. Onun mənə etimadı ilə həyatımın ən böyük uğurlarını qazanmaqda davam etdim. Davam edirəm də. Bizi bir gün belə sıxmayan, qarşımızda “efirdə bunu deməlisən” kimi məcburiyyət qoymayan, sözümüzü demək sərbəstliyini əlimizdən almayan baş direktorumuz başda olmaqla, üzərimdə əməyi olan hər kəsə, xüsusilə mənə jurnalistikanı, efirdə həqiqəti necə demək, mövzunu necə seçmək tərzini öyrədən müəllimim Murad Hüseynova və əlbəttə ki, məni sevərək izləyən tamaşaçılara təşəkkür edirəm. Uğurlara davam! Səni sevirəm, İctimai Tv!”
Medianews.az