Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinin Azərbaycan tərəfinin dəvətinə baxmayaraq, bu gün Şuşaya təşkil edilən konfransa qatılmamaları, bu ölkələrin erməni lobbisinin əsiri olduğunu bir daha ortaya qoyur.
Aydın məsələdir ki, onlar Minsk Qrupunu “reanimasiya” etmək istəyirlər. Azərbaycan isə belə bir qurumu çoxdan “rəhmətlik” edib.
Əslində, səfirlərin bu hərəkətindən bir qədər öncə ABŞ-ın dövlət katibi Antoni Blinken də təmsil etdiyi ölkənin iç üzünü göstərmişdi. O, Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşma sərgiləməklə dolayısı ilə Minsk qrupunun xiffətini çəkmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi isə tam vaxtında Blinkenin timsalında ABŞ-a öz yerini göstərdi. Bəyan etdi ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər.
Təbii ki, Ermənistana və ermənilərə münasibətdə Fransa da ABŞ-dan geri qalmır. O da yüz illərdir erməni lobbisinin əsarətində olan “sivil” bir dövlət kimi vaxtilə təmsil etdiyi, lakin 30 il ərzində heç bir işə yaramayan Minsk qrupunu qəbirdən çıxarmaq niyyətindədir. O Minsk qrupu ki, 30 ilə yaxın idi ki, ermənilərin maraqlarını qoruyurdu, o Minsk Qrupu ki, Dağlıq Qarabağ münaqişəni həll etmək əvəzinə, onun davam etməsində maraqlı idi, o Minsk Qrupu ki, təmsilçiləri hazırda da eyni maraqların peşindədir.
İndi siz deyin, bu düşüncədə olan bir ölkəni təmsil edən diplomat gedib işğaldan azad edilən Şuşada, ermənilərin başına daş ələnən yerdə bərpa və yenidənqurmadan danışarmı? Danışmaq o yana, görərmi, dinləyərmi? Durmadan can alan mina təhlükəsinə dur deyərmi? Əlbəttə ki, yox!
Ona görə də bu gün Şuşada olmayan o səfirlərin adına heyfslənmək yox, sevinmək lazımdır. Bu vaxtadək Azərbaycan öz kübarlığını yetəri qədər göstərib, zatən. Bundan sonra isə dost kim, düşmən kim, hamısı bəllidir!
Bəlli olan daha bir reallıq da var – Dağlıq Qarabağ münaqişəsi artıq bitib. Bundan sonra istər Azərbaycana, istərsə də Ermənistana kömək etmək istəyən qüvvələr – dövlətlər, təşkilatlar, adamlar – adını siz qoyun, yalnız sülh və sabitlik barədə düşünsünlər. Əlbəttə, bacara bilirlərsə…
Xəyalə Rəis
Medianews.az