Dünyanı cənginə alan COVID-dən sonra meymunçiçəyi virusu ortaya çıxdı. İnsanların qorxulu yuxusuna çevrilən virus ABŞ, Avropa və Afrika ölkələrində daha çox yayılıb. Son yayılan məlumata görə, Azərbaycanın qonşusu İranda da meymunçiçəyinə yoluxma qeydə alınıb. Sərhədlərimizdə dayanan virusun ölkəmizə gəlməsi riski aktuallığını qoruyur.
Məsələ ilə bağlı Medianews.az-a fikirlərini söyləyən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, meymunçiçəyinin ölkəmizə gəlməsi hər an mümkündür:
“Əgər qonşu ölkələrdə meymunçiçəyinə yoluxma sayı çox azdırsa, ölkəmizə gəlməsi riski aşağı səviyyədədir. Biz bunu Türkiyə və Gürcüstan vasitəsilə müşahidə etdik. Həmin ölkələrdə yoluxma sayı az olub, onun da qarşısını zamanında aldıqları üçün vəziyyət epidemik olmadı. İranda da yalnızca bir yoluxma qeydə alınıb. Qonşu ölkədə vəziyyət epidemik olarsa, virus o zaman Azərbaycana da gələ bilər. Digər hallarda sərhədlərimizdən uzaq yerlərdən də ölkəmizə gəlməyi mümkündür. Kimsə ABŞ-dən, Afrika və ya Avropa ölkələrindən bu xəstəliyə yoluxaraq ölkəmizə gələ bilər. Bununla da ölkəmizdə yoluxmanın artmağına təsir göstərər. Ona görə də meymunçiçəyinin çox yayıldığı ölkələrdən gələn insanlara güclü nəzarət olmalıdır.
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da məsələ ilə bağlı fikirlərini bölüşüb. O, meymunçiçəyinin qorxulu xəstəlik olmadığını qeyd edib:
“Bu virus heç də qorxulu xəstəlik deyil. COVID-dən necə qorunurduqsa, bundan da o şəkildə qorunmalıyıq. Sosial məsafəni gözləməklə yoluxma riskini azalda bilərik. İnsanlarımızın əksəriyyəti çiçək virusuna qarşı peyvəndlidir. Ona görə də bizdə ciddi problem olmayacaq. Peyvənd olunan insanların sayı az olan ölkələrdə vəziyyət kritikdir”.
Xanlar Əlibəy
Medianews.az