Azərbaycan internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 60-cı pillədə qərarlaşıb. Ölkə olaraq internetimizin getdikcə zəifləməsindən narazıyıq. İrəliləmək əvəzinə geriləməyimizin səbəbləri maraqlıdır.
Məsələ ilə bağlı Medianews.az-a danışan İT mütəxəssisi Vahid Qasımov bildirib ki, rəqabət mühiti olmadıqca daha da geriləyəcəyik:
“Satış məsələsində Azərbaycanda internet monopolist qrupların əlindədir. Həmin monopolist şirkətlər “Bakinternet” və “Baktelecom”dur. Hər ikisi dövlət provayderidir. Bu səbəbdən rəqabət demək olar ki, mövcud deyil. Ölkədəki bütün kabellər eyni şirkətin əlində olduqda geriləmənin olmağı normaldır. Bu sahədə özəl şirkətlər olmadığı müddətcə nə inkişaf, nə də keyfiyyətli servis görəcəyik. Özəl şirkətlərin sayı artırılıb, rəqabət mühiti formalaşdırılarsa, ondan sonra inkişaf görə bilərik. Onlar keyfiyyətli və maraqlı təkliflərlə müştərini qazanmaq üçün mübarizə aparacaqlar”.
Vahid Qasımov özünün də internet provayderlərdən əziyyət çəkdiyini qeyd edib:
“Dünyanın inkişaf etmiş ölkələrinin 15 il əvvəl tərk etdiyi sistemi Azərbaycan hələ də istifadə edir. Bu sistemdən imtina edib, optik internetə keçid etmək lazımdır. Azərbaycanda optikaya keçid çox yavaş gedir. Heç paytaxt Bakıda tam keçilməyib. Mənim yaşadığım mənzildə də bloka qədər gətiriblər. Lakin 3 aydır ki, evə gətirib çıxara bilmirlər. Regionlarımızda da vəziyyət çox bərbaddır. Bölgələrdə provayderlər “Aztelekom”un əlindədir. Başqa heç bir özəl provayder mövcud deyil”.
Xanlar Əlibəy
Medianews.az