Rusiyanın Ukraynaya hücumunun dördüncü ayı keçdikcə gözlər Ukraynanın xüsusi təyinatlı dəstəsi olan Şaman batalyonuna çevrilib. İngiltərənin “The Times” qəzeti Şaman batalyonunun ilk dəfə Ukraynadan kənarda əməliyyatlar keçirdiyini açıqlayıb.
Medianews.az xəbə verir ki, ingilis qəzetinə danışan iki operator və bir kəşfiyyatçı Kremlin infrastruktur obyektlərini hədəf aldıqlarını bildirərək, Ukrayna xüsusi təyinatlılarının müharibəni ilk dəfə Rusiya ərazisinə apardığını təsdiqləyiblər.
Qəzetə danışan mənbələr ilk dəfə olaraq Rusiyanın neft emalı zavodları, sursat anbarları və rabitə şəbəkələrinin hədəfə alındığını təsdiqləyiblər.
Qəzetə danışan adı açıqlanmayan batalyon üzvü deyib: “Ən maraqlı vəzifələr düşmən xəttinin arxasında işləməkdir. Bu, sərhəddən kənara partlayıcı yerləşdirməyə bənzəyir. Ruslar nə baş verdiyini bilmirlər, çox vaxt orada olduğumuza inana bilmirlər”.
The Times yazır ki, Şaman batalyonu Ukrayna hərbi kəşfiyyatının hücum və kəşfiyyat qolu olsa da, yalnız dözümlülük və sağ qalma qabiliyyətinin ən çətin sınaqlarından keçənləri qəbul edir. Həmçinin vurğulanıb ki, Ukrayna əsgərləri suya tullanma, paraşütlə tullanma və alpinizm üzrə mütəxəssislərdir.
“Biz onları ən çətin missiyaları yerinə yetirmək üçün göndəririk, çünki onlar bizim ən yaxşı və cəsur əsgərlərimizdir”, – deyə Ukrayna kəşfiyyatının yüksək səviyyəli rəsmisi bildirib.
Leyla, Medianews.az