Ukrayna Prezidenti Vladimir Zelenski gecə saatlarında xalqa gündəlik müraciətində bu gündən etibarən Ukrayna üçün tarixi bir həftənin başladığını bildirib: “Ukraynanın namizəd statusu ilə bağlı Avropa İttifaqının cavabını eşitəcəyimiz bir həftə. Biz artıq Avropa Komissiyasından müsbət qərar almışıq və yeni həftənin sonunda Avropa Şurasından cavab gələcək”.
Medianews.az xəbər verir ki, Rusiyanın yaxın günlərdə Ukraynaya qarşı düşmənçilik fəaliyyətini gücləndirə biləcəyi ilə bağlı xəbərdarlıq edən Zelenski, “aydındır ki, Rusiyadan daha böyük düşmənçilik fəaliyyəti gözləyə bilərik. Özü də təkcə Ukraynaya qarşı deyil, digər Avropa ölkələrinə qarşı da. Biz hazırlaşırıq və hazırıq. Biz tərəfdaşlara xəbərdarlıq edirik”, – deyə o bildirib.
Rusiyanın Zaporojjya bölgəsində və Xarkov istiqamətində güc topladığını bildirən Zelenski, “yenə də yanacaq infrastrukturumuza hücum etdilər, yanacaq vəziyyətini daha da pisləşdirmək istəyirlər. Təbii ki, buna da cavab verəcəyik. Donbasda şiddətli toqquşmalar davam edir. Rus ordusu orada ən çox artilleriyadan, ən çox hücum qüvvəsindən istifadə edir. Lakin Severodonetsk, Lisiçansk, Avdiivka, Krasnoqorivka və digər qaynar nöqtələr müqavimət göstərməkdə davam edir”,-deyə əlavə edib.
Leyla, Medianews.az