Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Bu qərar 2022-2023-cü tədris ilindən tətbiq ediləcək.
Təhsil Nazirliyinin məlumatına görə, növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.
Məlumatda bildirilir ki, “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.
“Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər” – deyə, açıqlamada qeyd olunub.
Təhsil eskperti Elşən Qafarov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, indiyə qədər Azərbaycanda təhsil qanununda göstərilirdi ki, hər bir təhsil müəssisəsində təhsil alanların geyim forması onun öz nizamnaməsi ilə tənzimlənir.
Onun sözlərinə görə, burada başlıca problem isə o idi ki, bizim dövlət ümumtəhsil məktəblərinin nizamnaməsi isə yoxdur:
“Ölkədə indiyə qədər vahid məktəbli forması haqqında qərar olmayıb. 2010-cu ildə Bakı Tikiş Evinin tikdiyi əvvəlki kastyumlara şifahi göstəriş əsasında keçid edildi. Bununla bağlı hüquqi normativ sənəd yox idi.
2019-cu ilin 29 martında ölkədə ümumtəhsil haqqında qanun qəbul edildi və həmin qanunun 12-ci maddəsinin 13-cü bəndində göstərilir ki, “dövlət mülkiyyətində olan ümumtəhsil məktəblərindən başqa digər ümumtəhsil məktəbləri”, yəni bələdiyyə və özəl təhsil müəssisələrinin geyim forması öz nimaznaməsi ilə təyin olunur. Amma dövlət ümumtəhsil məktəblərində təhsil alanların geyim formalarının eskizlərini Nazirlər Kabineti müəyyən edir. Nazirlər Kabineti 17 mart 2022-ci ildə bu eskizləri təsdiq etdi. Əslində pandemiya düşdüyü üçün bu məsələ gecikdi.
Qərar ümumilikdə mütərəqqi xarakter daşıyır. Lakin bizim bir çox hüquqi normativ sənədlərimiz kimi yarımçıqdır.
Mütərəqqiliyi odur ki, məktəblərdə sosial bərabərliyi gözləmək üçün hamı vahid forma geyinməlidir. Yarımçıq olan isə odur ki, Nazirlər Kabineti 4 növdə eskiz təyin edib, amma qərarda baş örtüyü nəzərdə tutulmayıb. Qərarı qəbul edənlər yaxşı bilirlər ki, bu nə dərəcədə həssas mövzudur. Qərarda ya “məktəbli geyim formalarında baş örtüyü nəzərdə tutulmur” və yaxud “baş örtüyü qızlar üçün yalnız ağ örpək ola bilər” kimi yazılmalıdı idi. Yarımçıqlıq müəyyən əlavə suallar doğurur.
Geyim forması ilə yanaşı uşaqların saçının uzanluğu, əlavə kosmetika, dırnaqların boyanması və s. bütün bunlar göstərilməli idi”.
Ekspertin sözlərinə görə, qərarda digər çatışmayan bir cəhəd isə odur ki, orada bu 4 formadan hər hansısa birininin seçilməsinə məktəbin Pedaqoji Şurasının qərar verəcəyi qeyd edilib:
“Ölkədə 4432 məktəb var. Axı BTE-nin tikəcəyi bu formalar ən azı 6 ay qabaq sifariş verilməlidir. Bilinməlidir ki, hansı formadan nə qədər şagird geyinəcək. Bu rəqəmlər isə yoxdur. BTE isə edir ki, bizə hələ sifariş daxil olmayıb. Bu sıradan bir məsələ deyil. Ölkədə 1 milyon 600 min şagird var. Bu qədər şagirdin geyim forması sentyabr ayının əvvəlinə qədər hazır olmalıdır. Bunun üçün ya Pedaqoji Şuralar indidən keçirilməli, ya da Təhsil Nazirliyi Nazirlər Kabinetinin 17 mart tarixli qərarına uyğun olaraq əmr verməlidir ki, filan təhsil mərhələsində filan geyimlər olmalıdır və s.
Düşünürəm ki, yaxın günlərdə bu məsələ ilə bağlı əmr verilməli, məsələyə aydınlıq gətirilməlidir”.
Ekspert formaların üzərinə vurulacaq nişanələr məsələsinə də toxunub və bildirib ki, bu məktəblərdə pul yığımına səbəb olacaq:
“Məktəblərin hər birinin nişanəsi olmaldır və formaya bu nişanəni məktəb özü vurmalıdır. Bu da təbii ki, havayı başa gəlməyəcək. Hər şagirdin emblemi valideynin hesabına olacaq və məktəblərdə pul yığımı başlayacaq. Bu da əlavə problemlər yaradacaq. Bu məsələyə də aydınlıq gətirilməlidir”.
Leyla
Medianews.az