Prezidentliyinin heç yarım ili tamam olmayıb, amma Azərbaycana qarşı azı iki pisliyi ilə tarixə düşüb. Yanvarda Xocalı qatili olan erməniyə abidə qoyulmasına göz yumdu, indi də iki dövlətin sərhədindəki Keşikçidağ alban məbədinə gəlişi ilə aranı qatıb.
Adətən belə söhbətləri silahlı sərhədçilərlə etmirlər. Amma o, etdi, sərhədçilərlə şəkil çəkdirdi, gərginliyi tətiklədi…
Belə vəziyyətdə Azərbaycan sərhədçiləri haqlı olaraq Keşikçidağ məbədinin ətrafını və yollarını tamamilə nəzarətə aldı. 2007-ci ildə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb və sərhədçilərimizin hərəkəti tam qanunidir.
Gürcü tərəf niyə təşvişə düşüb? Bundan əvvəl iki dövlətin sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdilər. Nə baş verib? Zurabaşvilinin Gürcüstanı niyə belə tələsir?
Ermənilər Gürcüstandakı 465 gürcü məbədinə iddia edir. Tiflis bu iddialara son qoymaq üçün tələsmir. Amma qədim alban kilsəsi ilə bağlı çox həyəcanlı davranır. Nədən? Gürcülər Azərbaycanı “diş”inə vurub, onlar “qa” deyəndə, su, “qu” deyəndə ət verdiklərimizi görüblər, ona görəmi?
Azərbaycan müstəqilliyinin ilk illərindən Gürcüstan üçün daha nələr etməyib? Bəzi ədalətli gürcülər özləri də etiraf edirlər ki, əgər 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən sonra Azərbaycan qazı olmasa, donardılar. Gürcüstanın heç limit problemi də yoxdur – Azərbaycanın sayəsində. Zurabaşvili bunu bilmirmi? Kilsələrnə pulsuz qaz verməyimizin əvəzindəmi ərazimizə iddia edir?! Yoxsa Salome xanım Azərbaycanla “salaməleyk”i birdəfəlik kəsmək istəyir?..
Gürcü prezident nədən Ermənistanla sərhəddə demarkasiya prosesinin vacibliyindən danışmır? Məgər bu ölkə ilə problemi yoxdur? Təbii ki, var, Sadaxlı bölgəsinə səfərim zamanı şəxsən görmüşəm. Soydaşlarımızın yaşadığı Xuludərə kəndinin ağsaqqalları qarşı tərəfdəki talanı göstərib dedilər ki, ora son illərədək kənd məktəbinə aid ərazi olub, amma Ermənistandakı rus əsgərləri tərəfindən zəbt olunub, kazarma tikilib! Gürcüstan prezidentini orda görmək istərdim…
Zurabaşvilinin davranışları şovinist gürcülərə də stimul verib. Gürcüstanın keçmiş daxili naziri sərsəm fikirlər söyləyib. Guya ki, vaxtilə başqa bir problem ortaya çıxanda “500 min azərbaycanlını Qırmızı Körpüdə qarşılamağa hazır olun” xəbərdarlığını edibmiş. Bu, nə qədər sərsəm iddiadırsa, eyni zamanda, gürcü məmurların Azərbaycanla şantaj dilində danışmağa adət etdiklərini təsdiqləyən faktdır. Gah deyirlər Rusiyadan qaz alacağıq, gah Axalkalaki ermənilərini qızışdırıb ortaya salırlar, gah da…Hər bir halda Azərbaycandan nəsə qoparırlar, “damarımızı tutublar”.
Bəli, biz çox yumşaq davranırıq, problem yaranmasını istəmirik. Bunun nəticəsidir ki, qonşularımız Azərbaycanın Qax-Zaqatala bölgəsindəki alban kilsələrinə də iddia edir, bu ərazilərlə bağlı vaxtaşırı zərərli ədəbiyyatlar, xəritələr yayırlar. Biz tarixi Azərbaycan ərazilərimizdə, Borçalıda adların kütləvi dəyişdirilməsinə, xaç basdırılmasına da göz yumanda səhv etdik… Borçalı azərbaycanlıları Gürcüstan qanunlarına hörmətlə yanaşdı, ermənilər kimi muxtariyyət iddiasında da olmadı bu illərdə. Əvəzində Tiflis Qarabağ təbliğatı aparan Azərbaycan vətəndaşlarının ölkəyə girişini yasaqladı.
Təbii ki, Azərbaycanın Avropaya açılan qapısı olan Gürcüstanla problem yaranmasını istəmirik, onsuz da düşmən əhatəsindəyik. Ancaq gərək qonşu da öz həddini bilsin. Gürcü deputat Şalva Natelaşvili durub sərhədə gəlib və üzünü sərhədçilərimizə tutaraq “sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar ” deyə, çərənləyib. Açıq təxribatdır. Sərhədçilərimiz birdən əsəblərinə hakim ola bilmədi və silahı çevirdi həmin gürcünün təpəsinə, onda necə olacaqdı?
Vəziyyət çox həssas yanaşma tələb edir. Bilirik ki, burada vaxtilə soyadlarını gürcüləşdirmiş “5 larilik ermənilər” də öz rolunu oynayır, Azərbaycanla münasibətləri gərginləşdirmək üçün hər fitnə-felə əl atırlar. Odur ki, soyuqqanlı davranmalıyıq. Söz yox ki, Gürcüstanla Azərbaycan arasındakı 446 kilometrlik sərhədin dəqiqləşdirilməsinə ehtiyac var. 1996-cı ildə yaradılan ikitərəfli komissiya indiyədək irəliləyişə nail olmayıbsa, bu da normal deyil. Amma gürcü tərəfinin tələskənliyi də anlaşılmır. Heç Cənubi Osetiya və Abxaziyanın işğalda qalmasından bu qədər narahat deyillər…