(Topxanadakı tənha armuda ithaf edilir)
Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” tərəfindən sökülməsinə münasibətdə cəmiyyətimiz çox kəskin olaraq hiddətləndi, bu isə bizi sevindirməyə bilməz. Demək elmə, mədəniyyətə hörmətimiz hələ də qalmaqdadır. Canlı adamı söküb böyrü üstdə qoyasan, sağlam ayağını xəstəxanada kəsəsən, evini sökəsən, şərləyib zindana salasan – heç bu qədər münasibət bildirən olmazdı. Hətta “ruskoyazıçnı” şairlərimizdən Çingiz Abdullayev də dilə gəlib hayqırmışdır.
37-ci ildə Müşfiqi də repressiyadan elə Çingiz müəllimin katibi olduğu Azərbaycan Yazıçılar Birliyi qorumuşdu. Stalin yeddi dəfə maşın, qara paltarlı “bandotdel” əməkdaşları göndərib, ancaq Müşfiqi apara bilməyiblər. Xalq imkan verməyibdir. Səkkizinci dəfə isə maşın özü yolda xarab olmuşdur. Bundan sonra Müşfiqi qaytarıb deputat seçiblər, hər il də Pitsundaya, Qaqraya gedib sanatoriyada rus turist qadınlarla mazaqlaşaraq “Lenin”, “Sarı dana”, “Ana yurdum Vyetnam” kimi şanlı poemalar yazmışdır. Ta SSRİ dağılana qədər. Ondan sonra da Müşfiqi milli deputatxanaya üzv seçdik, “El atası” şeirini yazdı. Nəsə, uzun söhbətdir. Onun guya repressiya olunması müxalifətçilərin uydurmasıdır.
Özü də adamın “Azəravtoyol”a yazığı gəlir. Əslində yayılan və hər anından qan daman foto-video reportajlardan belə görünürdü ki, doğrudan da heykəl dağıdılmayıb, yolun təmiri ilə bağlı nəsə qırağa qoyulubdur, bəlkə yerinə qaytarılacaqdı. Ancaq kimə deyirsən… Bizim poeziya sevərlər bunu bağışlaya bilməzdi.
Hərçənd, öz aramızda qalsın, Müşfiqin o abidəsinin yeri (köhnə “Sovetski”nin baş tərəfində bir ara küçədir) heç də yaxşı deyil. Orda şairi ziyarət edən, heykəli önündə foto çəkdirən neçə adam tanıyırsınız? Çünki faktiki yolun içində idi. Eyni qalmaqal bu yaxında başqa şairimiz Xətainin heykəli ilə bağlı da qopmuşdu. Hamı yazırdı ki, bəs hökumət yolu genişləndirmək adıyla heykəli götürmək istəyir, bu pis haldır və sairə. Bir nəfər də demədi ki, atam-qardaşım, Xətaiyə hörmətiniz varsa o heykəl elə yolun içindən götürülməlidir! O necə heykəldir ki, qarşısına gedib ziyarət etmək də mümkün olmur? Özünü gərək maşınların altına atasan. Sənətkara, dahi şəxsiyyətə heykəl qoyanda onu ziyarət etmək istəyən şəxslərin hərəkət sərbəstliyini də nəzərə almaq lazımdır. Bütün dünyada belədir.
Mədəniyyət xəbərləri haqda bu qədər, keçək iqtisadi sferaya. Bu qış Bakının və Sumqayıtın qaz təchizatında səbəbi hökumət tərəfindən heç izah edilməyən böyük fasilələr yarandı. Örnək üçün, son bir ayda Binəqədinin qazını bəlkə 15 dəfə kəsiblər. Eyni siqnallar Əhmədlidən, Nərimanovdan, Yasamaldan və başqa yerlərdən də daim gəlir. Özü də adi vaxtlardan fərqli olaraq indi qazın qəza və ya hansısa başqa ciddi, anlaşılan səbəbdən kəsilməsi hiss edilmir. Sadəcə, səhər saat 9-dan axşam saat 6-ya qədər qazı dibdən bağlayırlar. İqtisadçı ekspert Natiq Cəfərli bu sirli hadisənin səbəbini tapıbdır: sən demə, yapistlər həmin qazı xaricə satırlar. Bunun statistik məlumatdan aydın görmək olur. 2017-ci ilin yanvarında Azərbaycandan xaricə satılan qazın həcmi keçən ilin eyni dövrünə nisbətdə 7 dəfəyə yaxın artıbdır! O cümlədən, qaz satışından gələn pullar da 16 dəfə artıb. Bəlkə bu müddətdə qaz istehsalımız artıb, ya nəsə təzə yataqlar istismara verilib? Yox. Quzu kimi susmağa məcbur azərbaycanlıların qazını kəsib xaricilərə satırlar.
Mən bu istiqamətdə bir az düşündüm və ağlıma ideya gəldi: bəlkə qazın üstünə millətin də müəyyən hissəsini qoyub xaricə sataq, gedib orda gün görsünlər?
Mikayıl Müşfiq sağ olsaydı “Yenə o qaz olaydı” şeiri yazardı bu vəziyyətdə. “Yenə o qaz olaydı, Yenə soba yanaydı, Yemək bişirəydiniz, Çay dəmləyə biləydiniz, Uşaqlar donmayaydı. Arzuya bax, a millət, Sənə çox olsun zillət” və sairə.