Müstəqilliyə təzə addım atanda, 1990-ların əvvəlində Türkiyədən bizə bir mahnı da gəlmişdi, tez-tez televizorda verirdilər, hamının dilində əzbər olmuşdu, insafən, oynaq, yaddaqalan mahnı idi:
“Özbək, türkmən, qırğız, qazax, azər bir boydur,
Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur”.
Başqa sözləri də vardı, ancaq mənə elə bu hissə lazımdır. Özbək qardaşlarımızın ümummilli lideri İslam müəllim öləndən sonra bütün Özbəkistanı bürüyən ağlaşmaya təsadüfi baxmaq olmaz, bunlar doğrudan bizim qardaşlarımızdır. Çox uzağa getmədən elə indiki vaxtdan misal çəkəcəyəm.
Neftin qiyməti düşəndən bizdə guya qeyri-neft sektorunun inkişafından danışılır. Son günlər rəhbərliyin regionlarda çıxışlarında neftdən uzaqlaşıb təzə iqtisadiyyat qurmağımız xüsusi reklam edildi. Ancaq rəqəmlər tərsini deyir. Misal üçün, 2016-cı ildə qeyri-neft sektorumuz ötən ilə nisbətdə 17 faiz geriləyib. Hələ bu, 8 ayın yekunudur, ilin axırına lap pis olacaq. Bəs bunun özbəklərə nə dəxli?
Söhbət ondadır ki, Özbəkistan İslam Kərimovun rəhbərlikdə olduğu 25 ildə elə bu cür goplarla idarə edilirdi. Guya Özbəkistan müstəqillik qazandığı 25 ildə (necə də xoşbəxtdirlər – müstəqillik dövründə bircə rəhbərləri olmuşdur!) Ümumi Daxili Məhsul 3 dəfə artıb, iqtisadiyyatda hər il 8 faiz artım olur, əhalinin gəlirləri 9 faiz artıb və sairə. Ancaq soruşan yox idi ki, nə üçün özbəklər bu cür inkişaf edən ölkədən baş götürüb qaçırlar – rəsmi statistikaya görə hazırda Rusiyada işləyən xaricilərin sayında ən böyük rəqəm özbəklərə məxsusdur. 3 milyon nəfərə yaxın özbək ordadır və adətən fəhlə, dalandar, bazar satıcısı kimi ən aşağı, ən çətin, ən az gəlirli sahələrdə zülüm çəkməyə razıdırlar, təki öz vətənlərində Kərimovun yaratdığı cəhənnəmə qayıtmasınlar. Hələ uçota düşməyən özbək nə qədərdir – şeytan bilir.
Ancaq hərdən xoruzun quyruğu görünürdü. 2012-ci ildə Özbəkistan Statistika Komitəsi ölkədən xaricə mal satışının (ixrac-eksport) 5,1 faiz azaldığını bildirmişdi. Halbuki, bundan cəmi 1 ay qabaq İslam Kərimov eksportun 11 faiz artdığını deyibmiş!
Özbəklərlə oxşar cəhətlərimizdən biri də pambıq əkməyimizdir. Orada sovet kolxoz ənənəsinə bənzər bir şey qüvvədə qalır, fermerlərə dövlət sifarişi adıyla zorla pambıq əkdirirlər, sonra da ucuz qiymətə dövlət özü alır. Yalnız 20 faiz kəndlinin nisbi özəl torpağı var, qalanı hamısı dövlətin əlindədir. Pambıq əkmək istəməyənin başında turp əkirlər. İşgəncələr, həbslər adi haldır. Məktəbləri bağlayıb uşaqları pambıq yığmağa basmaq da öz yerində. Bax, indi biz də bu tariximizə qayıdırıq. Artıq rayonlarda pambıq əkinlərini çoxaldırlar, təzə konstitusiyaya isə özəl torpağından faydalı istifadə etməyən kəndlinin əlindən bu torpağı almaq maddəsi salınır. Loru dildə yazsam, əgər sabah sən pay torpağında dövlət sifarişi ilə pambıq əkmək istəməsən, dövlətin o torpağı qapazlamaq ixtiyarı yaranır.
Yeri gəlmişkən, indi Kərimovun yerinə ən real namizədlərdən sayılan baş nazir Şavkat Mirziyayev vaxtilə Cizak vilayətində icra hakimi işləyəndə universitet müəllimini tələbələri yağışda pambıq yığmağa göndərmək istəmədiyi üçün döyüb öldürübmüş. Söyüşcülün də biriymiş, indinin özündə Nazirlər Kabinetində işçiləri döyür, söyür.
Özbək xüsusi xidmətinin şefi Rüstəm İnoyatov isə başqa tipdir, təsəvvür edin, bu da hardasa 25 ildir Milli Təhlükəsizlik Xidmətinə başçılıq edir, jurnalistlər isə onun yaxından fotosunu yalnız bir-iki il qabaq çəkə biliblər! Sözün əsl mənasında, şəklini çəkəni məhv edirmiş! Bu mənə bizim MTN şefinin gömrükdə yaxın adamı kimi adı hallanan Broker Əbülfəz müəllimi xatırlatdı. Çünki Əbülfəz müəllimin də son dövrlərə qədər heç bir fotosu mətbuata məlum deyildi. Halbuki, adam Gömrük Komitəsindən böyük – 5000 nəfərlik pulyığan banda yaratmışdı.
Türkmənləri bilirsiniz, orda kimi prezident qoysan “türkmənbaşı” alınır. Qırğızlar nisbətən babat görünürdü, hətta bizə nisbətən iki dəfə inqilab edib prezident qovublar son illərdə, ancaq ora da düzəlmir, çünki demokratiya zorla olmur, gərək xalq özü azadlığı istəsin. Qazaxların da əvəzedilməz lideri Nursultan müəllim camaatın təpəsinə döyə-döyə 25 ildir oranı fırladır. Bizi də yazmıram, çünki növbəti yazıları yazmağımı yəqin istəyərsiniz.
Uzun sözün qısası, o mahnını yazan adam ya tarixi çox gözəl bilib, ya da uzaqgörən adam olubdur. Yazımın başlığını öz mahnımızdan qoydum ki, milli olsun.