(Hekayə)
– Bu gün nə yemək istəyirsən?
– Nə bilim. Nə hazırlaya bilərsən?
– Nə istəsən.
– Özün bir şey fikirləş də.
– Kotlet istəyirsən?
– Olsun kotlet.
– Onda qalx. Nahar vaxtıdı. Əl-üzünü yu. Bir az gəzin, qızış. İndi hazırlayıb çağıracam səni.
Qalxıb əl-üzünü yudu. Ətəklərinə silinib nəfəsi ilə əllərini isitməyə başladı. Bir az da o tərəf – bu tərəfə gedib-qayıtdı ki, bədəni qızışsın. Soyuq idi. Çox soyuq. Üşüyürdü. Xanımı çağırdı. Süfrəyə oturdular. Titrədirdi lap. Kotletin birini ortadan bölüb ağzına qoydu. Üz-gözünü turşutdu. Lap yemək çox isti olandakı kimi. Dünən də belə eləmişdi. Hər tikədən sonra üz-gözünü turşudurdu. Dünən dolma yemişdilər. Onda əhvalları yaxşı idi. Pərtlikdən də gülürdülər, zarafat da edirdilər. Amma bu gün yox. Bu gün pis idilər. Çox pis. Gizlətməyə çalışırdılar bir-birindən.
– Bəs salat niyə yoxdu? – başı əsə-əsə xanımından soruşdu.
– Olmaz, kotleti ye, bəsdi. Çox yesən boğazın ağrıyar düşündüm – xanımı onun alnının soyuq tərini yaylığı ilə silərək cavab verdi.
– Heç olmasa bir pomidor qoyardın süfrəyə.
– Yox, olmaz. Çox soyuqdu. İkinci kotleti də ye, bəsindi. Duzu necədi?
– Duzu yaxşıdı.
– Dünən dolmada çox eləmişdim deyə bu gün az səpdim duzu – xanımı gülümsündü.
O da gülümsünməyə çalışaraq – hə, belə yaxşıdı. Bəs kartof niyə yoxdu? Kotletin yanında kartof da qızardırdın axı… – zorla dillənib, xanımına baxdı.
– Yox, kartof sabah.
– Sən deyən olsun. Bəlkə bir az araq verəsən?
– Araq az qalıb. Gecə içərik. Lap soyuq olanda.
– Hə, o da düzdü. Nə yaxşı ki, sən varsan.
– Sən də.
– Nə yaxşı ki, biz bir yerdəyik – o ciyər dolusu nəfəs alıb göyə baxdı.
– Hə. Nə yaxşı ki, birlikdə də olmayacağıq – xanımı köks ötürüb, yerə baxdı….
Onu aldadırdı xanımı. Araq yox idi. Sonuncu yüz qramı dünən gecə bağrına basaraq qucaqlayıb yatırtmazdan əvvəl ona içirtmişdi ki, səhərə sağ çıxsın. Şüşədəki su idi. Qar suyu. Arağın yerinə doldurmuşdu ki, göstərib bu gün axşama qədər ümidləndirsin. Duz da yox idi. Gerçək duz yəni. Duz onların düşüncəsində idi…
Xanımı qalxıb onu da qaldırdı. Aparıb yatağa uzatdı. Arxadan qucaqladı ki, bir az isinsin. Amma artıq özü də titrəyirdi. Dili söz tutmurdu deyə daha danışmadı. Gözlərini yumub, getdikcə ritmi pozulmaqda olan nəfəsi ilə onun boynunu isitməyə çalışdı. Bir azdan hava qaralacaqdı…
Onlar iki gün idi kimsəsiz çöllükdə idilər. Qar, çovğun olan bir çöllükdə çarəsiz qalmışdılar. Daha getməyə nə hal, nə də ümid var idi. Qardan yuva kimi balaca bir yer düzəltmişdilər çovğundan gizlənməyə. İki gün idi şaxta kəsirdi onları. İki gün idi ac idilər. İki gün idi xanımı qardan ona müxtəlif yeməklər düzəldirdi…