ATƏT sədrinin şəxsi köməkçisi Anjey Kasprşik ya bu gün, ya sabah Ağdamda vurulan erməni vertolyotunun qalıqlarına baş çəkəcək.
Virtualaz.org xəbər verir ki, bu haqda qondarma “DQR rəhbərinin sözçüsü” David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib. O deyib ki, hazırda Kasprşikin vertolyotun düşdüyü əraziyə getməsini təmin etmək üçün atəşin dayandırılmasına dair danışıqlar aparılır.
Babayanın sözlərinə görə, istisna deyil ki, Kasprşik vertolyotun düşdüyü əraziyə baş çəkərkən heyət üzvlərinin cəsədlərini də götürmək mümkün olacaq. O, vertolyotun hər üç heyət üzvünün həlak olduğunun təxmin edildiyini, lakin bunu ancaq vertolyotun qalıqlarına baş çəkərkən aydınlaşdırmağın mümkün olacağını deyib.
Həmçinin bazar günü qondarma “DQR prezidenti”, Qarabağ erməniləri tərəfindən “KQB tulası” adlandırılan Bako Saakyan bazar günü ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Görüşdə təmas xəttindəki vəziyyətə dair “bəzi məsələlər” müzakirə olunub. Azərbaycanın vertolyotu vurmasını “destruktiv və alçaq addım” adlandıran həmin alçaq KQB tulası Ermənistan Hərbi Hava Qüvvələrinin Mi-24 döyüş vertolyotunun Azərbaycan ordusunun ön mövqelərinə nədən həmlə etdiyi haqda susub.
Xatırladaq ki, Ermənistan HHQ-nin Qarabağda keçirilən hərbi təlimlərə göndərilmiş Mi-24 vertolyotu noyabrın 12-də təmas xəttinin Ağdam istiqamətində, Azərbaycan ordusunun mövqeləri üzərində vurulub. Vertolyot qoşunların təmas xəttində neytral əraziyə düşüb. Erməni tərəfi heyət üzvlərinin cəsədlərini götürmək üçün Beynəlxalq Qırmızı Xaçdan kömək istəyib. Təşkilat hər iki tərəflə bu məsələ barədə müzakirələr aparır.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ağdam da monitorinq keçiriləcəyi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) izləyəcək.